"Qarabağ"la oyunda qələbəyə layiq idik" - MÜSAHİBƏ

  • 17 Aprel 2024, 10:33

“Sabah”ın yarımmüdafiəçisi Tellur Mütəllimovun Sportlife.az-a müsahibəsini təqdim edirik.

"Qarabağ"la oyunu necə dəyərləndirirsiniz?

- Maraqlı oyun oldu. “Qarabağ”la oyunlarımız həmişə maraqlı keçir. Bizi güclü rəqiblə çətin matçın gözlədiyini bilirdik. Yaxşı mübarizə apardıq. Meydanda məşqçilərin verdiyi tapşırıqları tam yerinə yetirdik və bizim üçün vacib olan 3 xalı qazandıq.

"Qarabağ"a qalib gəlmək sizi təəccübləndirdi?

- Biz rəqibin kimliyindən asılı olmayaraq hər oyunumuza qələbə üçün çıxırıq. Son oyunumuz da bu baxımdan istisna təşkil etmirdi. Çətin olacağını bilirdik. Gözlədiyimiz kimi də oldu. Çox şükür ki, qalib gəlməyi bacardıq. “Qarabağ”la oyunda qələbəyə layiq idik.

Bu qələbə sizin digər oyunlarınız üçün motivasiyanı artırdı?

- Əlbəttə. Çempionatda qazandığımız hər bir qələbə gələcək oyunlar üçün yaxşı motivasiyadır.

Çempionatda 3 qolunuz var ki, bunların ikisini "Qarabağ"a vurmusunuz. "Qarabağ"a qarşı xüsusi hazırlaşırsınız?

- Xeyr. Hər bir oyuna xüsusi hazırlaşıram. Qol vurmaq xoşdur. Amma əsas olan komandanın qələbəsidir. Şadam ki, bu oyunda vurduğum qol komandamın qalib gəlməsində rol oynadı.

Çempiona qalib gəlmək digər klublarla oyunlarda arxayınlıq yarada bilər komandada?

- Düşünmürəm. Komandanın hər bir üzvü peşəkardır. Çempionatda asan oyun olmadığını hər birimiz yaxşı başa düşürük. Bu qələbənin komandada arxayınlıq yaradacağını düşünmürəm.

“Sabah”ın hazırkı hədəfi nədir?

- Əsas məqsədimiz bundan sonrakı oyunlardan yaxşı nəticə ilə ayrılaraq avrokuboklara vəsiqə qazanmaqdır.

2-ci yerlə aranızda 4 xal fərqi var. Bunu "əritmək" çətindir?

- Çempionatda hər bir oyun çətin keçir. Turnir cədvəlindən daha çox hər dəfə növbəti oyuna köklənirik.

Konfrans Liqasına vəsiqə qazana bilərsiniz. Belə olan halda "Sabah" Avrokubokda çıxış etməyə hazırdır?

- Avrokubok və ölkə çempionatı tam fərqli yarışlardır. Hər birinin hazırlığı fərqli olur. İndidən avrokubok barədə danışmağı düzgün saymıram. Bunun üçün əvvəl Konfrans Liqasına vəsiqə qazanmaq lazımdır. Ümid edirəm ki, mövsümün sonunda buna nail olacağıq.

 

Qulammirzə Səfərli


Paylaş: