U-23-un en qocasi: Bir sozumu iki etmirdiler - U-23 - resad sadiqov - baku - azerbaijan - futbol

U-23-ün ən qocası: Bir sözümü iki etmirdilər

  • 22 May 2017, 16:48

İslamiadada çempion olan Azərbaycan yığmasındakı 3 "qoca"dan biri - Rəşad Sadiqov finalın ardından jurnalistlərin suallarını cavablandırıb. Sportlife.Az "Qəbələ"nin futbolçusunun müsahibəsini təqdim edir.

 

 

- Gənclərin arasında ağsaqqal statusuyla oynamaq çətin deyildi?

- Doğrudan da, xoş təəssüratlarım var. Hamı mənə qulaq asırdı, hamısı “ağsaqqal” deyə müraciət edirdi. Sağ olsunlar, bir sözümü iki etmirdilər. Qardaş kimi əl-ələ verdik, məqsədimizə çatdıq. Əsas odur ki, sonluq bizim üçün yaxşı oldu.

 

- Azərbaycanı hədəfinə çatdıran nə oldu?

- Məşqçilərlə futbolçular sözü bir yerə qoydu. Toplaşdığımız gündən məşqçilərin qatılmadığı bir yığıncağımız da oldu. Hər şeyi müzakirə etdik. Orda da demişdim ki, qardaş kimi olmaq lazımdı, heç kim heç kimdən inciməməlidi. Bəzən kimsə oynamayanda küsür. Amma İslamiadada belə hal yaşanmadı. Yumruq kimi birləşdik və bunun nəticəsində çempion olduq.

 

- Baş məşqçi Yaşar Vahabzadə səni yığmaya yarımmüdafiəçi, yoxsa mərkəz müdafiəçisi kimi çağırmışdı?

- Açığı, çağıranda demişdi ki, iki mövqedə də oynada bilərəm. Mən də fərqi olmadığını demişdim. Dedim ki, hansı mövqedə şans versəz, əlimdən gələni əsirgəməyəcəm.

 

- İslamiadanın qalibi olmaq uğurlarının arasında hansı yeri tutur?

- İslam Həmrəyliyi Oyunlarında çıxış etmək bizim futbolçulara bir də qismət olmaya bilər. Bizə nəsib oldu və bu uğurun yeri tam başqadı. Çünki milli komandalarımız heç vaxt belə nailiyyətə imza atmamışdılar. İslamiadanın yeri daha önəmlidi.

 

-  “Qəbələ”dən ayrılacağın iddia edənlər var.

- Hər dəfə mətbuatdan oxuyuram ki, guya “Qəbələ” mənə az məbləğ təklif edib, buna görə də, komandadan ayrılıram. Heç kimdən çəkinəcəyim yoxdu, yalan da danışmıram. Mənə hələ təklif olmayıb, söhbət etməmişik. Bu vaxta kimi “Qəbələ” ilə imzaladığım heç bir müqavilədə pul söhbətini ortaya atmamışam. Özləri qiymət deyib, qol çəkib getmişəm. Belə söz-söhbətləri eşidəndə bir az pis oluram. İslamiada ilə əlaqədar, yeni müqavilə məsələsini danışmamışdıq. Yəqin ki çağırarlar, söhbət edərik. Çağırmasalar da, canları sağ olsun.

 

- Başqa klublardan təklif almısan?

- Bəli, almışam. Əvvəlcə “Qəbələ”ylə danışacam. 6 aydanbir komanda dəyişməyi xoşlamıram. Başqalarından az versələr də, “Qəbələ”də qalmaq fikrindəyəm. Əlbəttə ki, "qal" desələr.


Paylaş: