
Avropa çempionatı: Azərbaycan millisindən Niderland üzərində qələbə
Sloveniyanın Çatej şəhərində təşkil olunmuş şahmat üzrə Avropa çempionatı davam edir.
Bu gün qitə birinciliyində 7-ci turun görüşləri keçirilib.
Azərbaycanın kişi və qadınlardan ibarət komandaları da növbəti sınaqlarına çıxıblar. Kişilərdən ibarət komanda Niderlanda qalib gəlib. Şəhiyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynov görüşlərini heç-heçə ilə bitirdikləri halda, Nicat Abbasov rəqibini məğlub edib. Bu qələbədən sonra xallarını 11-ə çatdıran Azərbaycan yığması Ukrayna ilə birgə şərikli liderə çevrilib.
Qadın şahmatçılardan ibarət millimiz isə Rusiyaya uduzub – 1:3. Komandamızın üzvlərindən Günay Məmmədzadə və Xanım Balacayeva heç-heçə edib, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva məğlubiyyətə üzülüblər.
Bu nəticədən sonra xanım şahmatçılardan ibarət komandamız geriləyib və hazırda Polşa, Niderland və Macarıstanla birgə 5-8-ci yerləri bölüşür.
Noyabrın 20-də baş tutacaq 8-ci turda Azərbaycanın kişilərdən ibarət yığması Ukrayna ilə görüşəcək. Qadın millimiz isə Macarıstanla qarşılaşacaq.
Avropa çempionatı, 7-ci tur
19 noyabr
Kişilər
Niderland – Azərbaycan 1,5:2,5
Aniş Giri – Şəhriyar Məmmədyarov 0,5:0,5
Yorden van Forest – Teymur Rəcəbov 0,5:0,5
Maks Varmerdam – Qədir Hüseynov – 0,5:0,5
Erik van den Dul – Nicat Abbasov – 0:1
Qadınlar
Azərbaycan – Rusiya – 1:3
Günay Məmmədzadə – Aleksandra Qoryaçkina – 0,5:0,5
Xanım Balacayeva – Katerina Laqno – 0,5:0,5
Ülviyyə Fətəliyeva – Valentina Qunina – 0:1
Gövhər Beydullayeva – Polina Şuvalova – 0:1