Emil Balayev: Karyeramın ən önəmli matçı Neftçini məğlub etdiyimiz oyundu

Emil Balayev: Karyeramın ən önəmli matçı Neftçini məğlub etdiyimiz oyundu

  • 23 Dekabr 2017, 16:24

Futbol üzrə Azərbaycan yığmasının və “Səbail”in qapıçısı Emil Balayev klubun “Facebook” səhifəsində “On sual” rubrikasının qonağı olub. Sportlife.az xəbər verir ki, qolkiper ona verilən 10 sualı belə cavablandırıb:

- Nə üçün futbolçu olmağa qərar verdiz?
- Uşaqlıqdan vaxtımın çoxunu məhəlləmizdə futbol oynamaqla keçirirdim. Buna görə də, valideynlərim məni futbol məşqlərinə yazdırmağa qərar verdilər. Boyum hündür olduğu üçün qapıçı oldum. Baxmayaraq ki, həmişə hücumçu olmaq istəmişəm.

- Sizin üçün karyeranızın ən önəmli matçı və ya ən unudulmaz anı hansı idi?
- Ən önəmli matç, əlbəttə ki, “Səbail”in ilk qələbəsi - “Neftçi”ni məğlub etdiyi gün idi.

- Futbolda kumiriniz kimdi?
- Qapıçılardan David De Xea və Yan Oblakı izləyirəm. 2006-cı ildə keçirilən dünya çempionatında Zidanın oyununu çox bəyənmişdim. Amma belə, kumirim yoxdu.

- Hobbiniz nədi?
- Kinomanam. Boş vaxtlarımda film izləməyi çox sevirəm. Həmçinin, dostlarımla görüşməyə də çox vaxt ayırıram.

- Sevdiyiniz film, kitab və ya musiqi hansıdı?
- Robert De Nironun "Once upon a Time in America" (“Bir dəfə Amerikada”) və Al Paçinonun "Scarface" (“Çapıqlı üz”) filmindəki oyununu çox bəyənirəm. Sevimli aktyorum Al Paçinodu. Martin Scorsesenin bir çox mafiya mövzulu filmini və ən çox detektiv janrında kitabları bəyənirəm. Daha dəqiq desək, Aqata Kristinin kitablarını. Musiqiyə gəldikdə isə, xüsusilə bəyəndiyim biri yoxdu. Sadəcə, musiqinin yaxşı melodiyası olmalıdı deyə düşünürəm.

- Həyatda hansı prinsiplərə üstünlük verirsiz?
- Heç vaxt öz qürurunu itirməmək və heç vaxt yalan danışmamaq. "Scarface" (Çapıqlı üz) filminə qayıtsaq, orda baş qəhrəmanın da dediyi kimi, "Mən hətta yalan danışarkən belə, həqiqəti deyirəm!”

- İnsanlarda ən çox dəyər verdiyiniz nədi?
- Daha öncə də qeyd etdiyim kimi, insanlarda səmimiyyəti, dürüstlüyü və qürurlu olmağı dəyərləndirirəm. Və insanlarda ən vacib keyfiyyət isə hər bir insanın statusundan asılı olmayaraq, hər kəsə eyni cür yanaşmaqdı.

- Karyeranızda ən vacib məqsədiniz nədi?
- Əsas məqsədim, hər zaman yeni nailiyyətlər qazanmağa davam etməkdi. Düşünürəm ki, ölkəmizi və klubumuzu beynəlxalq arenada təmsil etmək, böyük uğurdu. Nə vaxtsa belə bir şans əldə etsəm, biləcəm ki, karyeramda uğur əldə etmişəm.

- Gənc futbolçulara nə kimi məsləhətiniz var?
- Onlara hər məşqi, hər günü dəyərləndirməklərini və hər oyuna sonuncusu imiş kimi çıxmalarını məsləhət görərdim. Çünki futbolçu karyerası bilirik ki, uzun olmur. Maksimum 35-40 ildi və hər anı dəyərləndirmək, həvəslə və işi sevərək məşq etmək lazımdı.

- Azarkeşlər haqqında nə demək istərdiz?
- Baxmayaraq ki, klubumuz çox gəncdi, artıq qısa müddət ərzində bizim müəyyən azarkeş kütləmiz var və onlar gündən-günə artmaqdadı. Onlar bizi həm öz arenamızda, həm də səfər oyunlarında dəstəkləməyə gəlirlər. Buna ən yaxşı misal, Azərbaycan kuboku çərçivəsində keçirilən səfər oyunlarıdı. Buna görə, azarkeşlərimizə təşəkkürümü bildirirəm!


Paylaş: