Avroliqa ovçuları "Final Four"da

  • 10 May 2024, 17:15

Keçdiyimiz günlərdə basketbol üzə “Final Four”un iştirakçıları müəyyənləşdi. Ölkəmizdə basketbola maraq kifayət qədər olmasa da, bu xəbər müəyyən bir azarkeş qrupunu həyəcanlandırdı. Səbətə top atılanda sevinənlərin dünyasında “Final Four” önəmli mərhələdir.

Son dördlüyün iştirakçıları ilə tanış olaq.

“Fənərbağça”: Türkiyənin ən titullu klublarından sayılan, bir dəfə Avroliqanın qalibi olan “sarı-lacivərdlilər” bu dəfə də “Final Four”a yüksəldilər. Özü də iddialı “Monako”nu yenməklə... 5 oyundan sonra ümumi hesabda 3:2 qələbə qazanan İstanbul klubunun bu il sözün hər iki mənasında oyun çıxardı. Avroliqada bir oyunda 24 üçlük atmaqla rekorda imza atan “Fənərbağça” bununla kifayətlənmədi. Klub bir oyunda 118 xal toplamaqla ən maksimuma çatdı. Daha bir möhətəşəm məqam “Alba Berlin” matçında yaşandı. “Fənərbağça”nın amerikalısı Naycel Heys bir oyunda 50 xal toplamaqla “Anadolu Efes”in əfsanəsi Şeyn Larkinin 49 xallıq rekordunu tarixə gömdü. Şarunas Yasikyaviçyusun rəhbərlik etdiyi “Fənərbağça”nın “Final Four”da rəqibi “Panatinaikos”dur. Ergin Atamanın baş məşqçisi olduğu komandanın “Fənərbağça” ilə matçı böyük həyəcanla gözlənilir. Qarşılaşma  mayın 24-də Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

“Panatinaikos”: “Avroliqanın qənimi” adını verdiyim bu komanda nə az, nə çox, düz 6 dəfə - rekord sayda qitənin ən nüfuzlu klub turnirinin qalibi olub. Ergin Atamanın çalışdırdığı komanda bu dəfə də fəxri mükafata iddialıdır. Çətinliklə də olsa, “Makkabi Tel-Əviv” səddini aşan Yunanıstan təmsilçisi bu dəfə prinsipial rəqibi “Fənərbağça”nı məğlub etməyə çalışacaq.

“Olimpiakos”: Yunanıstanın daha bir köklü klubu “Olimpiakos” da baş mükafata iddialıdır. Tarixində 13 dəfə “Final Four”a çıxan komanda 3 dəfə 1-ci yeri tutub. 9 finalın 6-da məğlub olan “Olimpiakos” bu dəfə fürsəti boşa vermək niyyətində deyil. Heyəti kifayət qədər güclü olan komanda “Real”ın rəqibidir. Qarşılaşma mayın 24-də Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. “Final Four” uğrunda seriyada “Barselona”nı 3:2 hesabı ilə məğlub edən Giorgios Bartsokasın yetirmələrini bu dəfə də kifayət qədər çətin oyun gözləyir.

“Real”: Təqdimata ehtiyacı olmayan “Real” isə mövsüm başlayandan Avroliqanın əsas favoriti sayılırdı. Ümidləri puç etməyən Madrid təmsilçisi təsadüfi deyil ki, “Final Four” uğrunda seriyada “Baskoniya”ya heç bir şans vermədi. 3 oyunun hamısında qalib gələn “Real” 1-ci yeri istəyən azarkeşlərinə göz qırpdı. 15 dəfə qatıldığı “Final Dördlüyü”ndə 5 dəfə çempion olan “Real”ın 6-cı dəfə qələbə sevincini bayram edib-etməyəcəyini isə zaman göstərəcək.

Necə deyərlər: “Siz dalaşa, biz tamaşa!”

Maraqlı və gərgin oyunlar ümidilə...

 

Qulammirzə Səfərli


Paylaş: