"Bir yuxu yaşayırıq, amma ayıq vəziyyətdə"

  • Bu gün, 18:11

“Sabah”ın məğlubiyyətsiz oyunlar seriyasını 25-ə yüksəltməsi Braziliya mətbuatının da diqqətindən yayınmayıb.

Sportlife.az xəbər verir ki, qəsəbə təmsilçisinin müdafiəçisi İqor Noqeyra ölkəsinin mətbuatına bununla bağlı fikirlərini bildirib.

31 yaşlı arxa xətt oyunçusu çempionluğu hədəflədiklərini söyləyib: “Biz bir yuxu yaşayırıq, amma ayıq vəziyyətdə. Bu, ötən ildən bəri görülən ciddi işin nəticəsidir. Klub tarixində ilk titulu – Azərbaycan Kubokunu qazandıq. Liqa çempionluğu isə bizim üçün yeni bir uğur olar və buna nail olmaq üçün çalışırıq”.

Qeyd edək ki, “Sabah” Misli Premyer Liqasında 24 turdan sonra 59 xalla turnir cədvəlinə başçılıq edir. Komanda sonuncu dəfə ötən ilin avqustunda – çempionatın 3-cü turunda “İmişli” (0:1) ilə matçda uduzub.


Paylaş: