Emreli: "Cəmi 5 dəqiqə oynasam belə..."

  • Bu gün, 13:04

"Azarkeşlər çox sayda mesajlar göndərdilər. Mənə inandıqlarını göstərdilər. Derbi atmosferi digər matçlardan fərqlidir".

Sportlife.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli 2-ci Bundesliqanın XXVI turunda "Karlsrue" ilə oyundan sonra treffpunkt-betze.de saytına açıqlamasında deyib.

28 yaşlı hücumçu baş məşqçi ilə yaxşı münasibətinin olduğunu bildirib: "Zədəli olanda komandadan bir az uzaqda qaldım. Baş məşqçidən daha çox oyun vaxtı qazanmaq üçün nə edə biləcəyimi soruşdum. O, məşqdəki çıxışlarımdan razıdır. Cəmi 5 dəqiqə oynasam belə, əlimdən gələni edirəm və özümü sübut etməyə çalışıram".

Sözügedən qarşılaşmada komandasının sonuncu qoluna imza atan Emreli onun üçün emosional an olduğunu vurğulayıb: "Çünki son bir neçə həftə və ay çətin dövr oldu. Belə qarşılaşmada, fantastik atmosferdə ilk qolumu vurmaq ("Kayzerslautern" forması ilə II Bundesliqada) məni çox xoşbəxt edir. Xüsusən də zədə səbəbindən yaranan uzun fasilədən sonra".

Qeyd edək ki, "Kayzerslautern" "Karlsrue"ni üç cavabsız qolla üstələyib. 83-cü dəqiqədə meydana çıxan Mahir Emreli 90+4-cü dəqiqədə komandasının üçüncü qolunu vurub.


Paylaş: