
“Qarabağ” 1/8 finala birbaşa vəsiqə qazanarsa...
“Qarabağ” bu gün Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq.Təmsilçimiz İsveçrədə “Bazel”in qonağı olacaq. Hər iki komanda 5 turdan sonra 11 xalla ilk pillələrdə qərarlaşıb. Lakin isveçrəlilər top fərqinə görə birinci sıradadı.
Əgər “Qarabağ” bu gün qələbə qazanarsa, bu halda qrup birincisi kimi 1/8 finalın püşkatmasında "səpələnmişlər" səbətində yer alacaq. Hazırda Konfrans Liqasında 6 komanda birinci yeri təmin edib. Bunlar "Alkmaar", "Gent", "Kopenhagen", LASK, "Renn" və "Feyenoord" klublarıdı.
Digər iki komanda qrupun sonuncu turunun oyunlarından sonra müəyyənləşəcək. Onların rəqibləri pley-offun qalibləri olacaq və “səpələnməmişlər” səbətində yer alacaq (Konfrans Liqasının qrup 2-ciləri və ya Avropa Liqasının qrup 3-cüləri).
"Səpələnmişlər" səbətindəki komandalar iki oyundan ibarət olacaq 1/8 finalda cavab görüşlərini evdə keçirəcəklər. 1/8 finalın püşkatması 2022-ci ilin fevralın 25-də UEFA-nın Fransanın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək. Bu mərhələnin oyunları isə 10 və 17 marta nəzərdə tutulub.