Federasiya rəhbərliyi milli üzvlərilə görüşdü
Azərbaycan Ağırlıqqaldırma Federasiyanın (AAF) rəhbərliyi beynəlxalq yarışlara hazırlaşan yığma komandaların üzvləri ilə görüş keçirib.
AAF-dan Sportlife.az-a verilən məlumata görə, "ASK Arena"da yerləşən təlim-məşq bazasında baş tutan tədbirdə qurumun vitse-prezidenti Firdovsi Umudov iştirak edib.
Umudov atletlərə Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa çempionatı və Dünya Kuboku, həmçinin digər beynəlxalq yarışlarda uğurlar arzulayıb, onlara inamlarını ifadə edib. Vitse-prezident qeyd edib ki, ölkəmizdə idmana dövlət səviyyəsində diqqət və qayğı nümayiş etdirilir, AAF da öz növbəsində bu idman siyasəti çərçivəsində atletlərin şəraitinin daima yaxşılaşdırılması istiqamətində işlər görür, hər bir idmançını diqqət mərkəzində saxlayır.
Komanda üzvləri rəhbərliyə təşəkkür edib, bu görüşlərin onlar üçün əlavə motivasiya olduğunu, ruh yüksəkliyi verdiyini, yarışlar zamanı böyük dəstək olacağını bildiriblər.