"Budyo Qlimt" özünəxas oyun sistemi ilə seçilir" - Qurban Qurbanov
"Son vaxtlar qarşılaşdığımız komandaların içində ən intizamlı oyun göstərən rəqibə qarşı oynayacağıq".
Sportlife.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah keçiriləcək "Budyo Qlimt"lə görüş öncəsi keçirilən mətbuat konfransında deyib. O, daha sonra sözlərinə belə davam edib:
"Budyo Qlimt"in demək olar ki, bütün futbolçuları norveçlidir. Son illərdə Norveçin həm milli, həm də klub səviyyəsində əldə etdiyi nəticələr göstərir ki, bu ölkədə futbola necə yanaşma var. "Budyo Qlimt" özünəxas oyun sistemi ilə seçilir. Sabah hər komponentdə diqqətli olmalıyıq ki, bu komandadan üstün olaq. Rəqibin üstün cəhətləri çoxdur. Həm meydança amili, həm son matçlarda göstərdikləri nəticələr. İnanıram ki, futbolçularım yaxşı nəticə üçün ən yaxşısını edəcəklər. Hər iki komandaya uğurlar arzulayıram.
Təcrübəli mütəxəssis Norveç klubunu daha öncə qarşılaşdıqları "Tottenhem" və "Ayaks"la da müqayisə edib:
- Nəticələrə görə eyni səviyyədə dəyərləndirirəm. Rəqibin heyətində qapıçıdan başqa 10 norveçli oynayır. Onlar bir-birini meydanın hər yerində düzgün tamamlayırlar. Hər futbolçu öz komanda yoldaşının səhvini sığortalamağa çalışır. Elə-belə deyil ki, "Budo Qlimt" böyük komandalara qalib gəlib. Futbolçular tapşırığı sevə-sevə yerinə yetirir. Bu, onların üstünlüyüdür.
Foto: Şakir Eminbəyli