
"AFFA-dan təklif olub, danışıqlar gedir"
Azərbaycan Premyer Liqasının VI turunun “Şamaxı” – “Araz-Naxçıvan” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Anım günüdür. Şəhidlərimizə Allah rəhmət etsin, qazilərimizə güc-qüvvət versin. Oyuna gəlincə, “Araz-Naxçıvan” iddialı, çox yaxşı komandadır. Yaxşı hazırlaşmışdıq. Ötən matçda məğlub olmuşduq, amma xal qazana bilərdik. Bu gün də futbolçular çox yaxşı oynadı. Nəticədən əlavə, istədiklərimizi meydanda etməyə çalışırlar. 2 və 3-cü qolu vurmaq olardı. Fasilədən sonra dəyişikliklər oldu. Gənclərə şans verdik. Onlar da yavaş-yavaş inkişaf edir. Bizimçün mühüm xal idi. İlkin hədəf uduzmamaq idi. Çempionat gərginləşir, hər xalın önəmi var. Gələcəkdə daha yaxşı olmaq istəyirik.
– 3 həftədən çoxdur, adınız milli ilə hallanır. Bunların fonunda komandanı oyuna hazırlamaq çətin olmur?
– Çalışırıq ki, əvvəlcə özümüz psixoloji hazır olaq. İki tərəfə də diqqətimizi itirmirik. Söz-söhbətlər normaldır. Federasiya işlər görür. Nəsə təsiri yoxdur.
– Təklif almısınızmı?
– Təklif olub, danışıqlar gedir. Yaxın günlərdə qərar veriləcək.
– Təklifin sizi qane etmədiyi deyilir…
– Təklifdə müüqavilə müddəti məsələsi yoxdur. Peşəkar danışıqlar gedir. Oyun sayı, müqavilə müddəti söhbəti deyil. Versiyaların olması normaldır. Əsas yığmadır və söhbətlər bundan sonra da olacaq. Danışığımızda müddətlə bağlı problem yoxdur.
– Fransa səfərinə hazırlaşmısınız?
– Təklif, inam varsa, kənara çəkilmək olmaz. Xırda detallar var. Onlar da yoluna qoyulsa, təklifi qəbul etmək olar.
– Oyunda qırılma nöqtəsi nədir ki, yaxşı oynasanız da, qələbə qazana bilmirsiniz…
– Heyətimizdə yeni oyunçular var. Uyğunlaşmalarına vaxt lazımdır. Sonluq çatmır. Bu gün oyuna nəzarət, hücumlar bizdə idi, amma sonluq gəlmədi. İnanıram ki, yaxşı olacaq. Futbolçularımız çox artırıb. Əsas odur, tempi saxlayaq.
– Şuaybunun qolları sıralamağının vaxtıdır?
– Hazırdır. Onu başa düşmək lazımdır. Çətin periodlardan keçib. Çox istəklidir. Məşqlərdə özünü yaxşı göstərir. Bu gün də yaxşı oynadı. Kərim Rossi ilə yaxşı tandem olublar.
– Həbibin debüt matçında qol vurmaq şansı var idi…
– Onun böyük potensialı var. İnanırıq. Belə epizodları qaçırmaq olur. Oyuna girəndə ona demişdim ki, şansın olacaq.
– Dövlət tərəfindən edilən yardımda gecikmələr var. Sponsorsuz bir vəziyyətdə işlər daha çətinləşmir?
– Mövsümün əvvəlindən bu haqda danışmışıq. Çətinliklər olur. Amma rəhbərlik sağ olsun, motivasiyanın olması üçün işlər görür.
– Millinin təklifini qəbul etsəniz, “Şamaxı”da qalacaqsınız?
– Mövsümün sonuna kimi “Şamaxı”da olacağam.