
Əmrullayevin "asan yol" strategiyası
Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev əcnəbi oyunçuların milli komandalara cəlb edilməsini Olimpiadada uğur qazanmaq məqsədilə etdiklərini bildirib. O, fikirlərini belə izah edib:
"Bəzən xaricdən əcnəbi oyunçuları milli komandalarımıza dəvət etdiyimiz üçün tənqid olunuruq. Olimpiada kimi mötəbər yarışda iştirak etmək, müəyyən uğurlar qazanmaq istəyiriksə, bəzən xarici oyunçuların xidmətindən yararlanmalıyıq".
Əmrullayevin fikirləri qısamüddətli nəticələr baxımından başadüşülən olsa da, uzunmüddətli perspektivdə basketbolumuz üçün səmərəli yol deyil.
Əcnəbi oyunçuların xidmətindən yararlanmaq müəyyən turnirlərdə nəticə gətirə bilər. Amma bu, milli basketbolun inkişafı üçün dayanıqlı seçim sayılmır. Çünki bu model xarici resurslara bağlılıq yaradır və hər uğur yeni legionerlərin gətirilməsi ilə şərtlənir. Halbuki federasiyanın əsas işi yerli idmançıların yetişdirilməsi olmalıdır.
Əcnəbi oyunçulara xərclənəcək böyük büdcə gənc basketbolçuların təlim-məşq düşərgələrinə, uşaq liqalarının təşkilinə və infrastrukturun modernləşdirilməsinə yönləndirilsəydi, bir neçə ildən sonra millimiz öz gücü ilə rəqabətədavamlı ola bilərdi. Qısa yolda qazanılacaq medal, uzun yolda itiriləcək inkişaf imkanlarını kompensasiya edə bilməz.
Millidə legionerlərin çoxluğu yerli idmançılarda motivasiyanı azaldır. Çünki “istənilən halda əsas heyətə düşməyəcəyəm” düşüncəsi gənclərin idmana marağını zəiflədir. Bu isə basketbolun kütləviləşməsinə zərbə vurur. Əslində isə güclü milli komanda yalnız geniş və sağlam daxili rəqabət mühiti olan yerli çempionatın nəticəsində formalaşa bilər.
Qısamüddətli uğur cazibədar görünə bilər. Amma “asan yol” seçmək ölkə basketbolunun gələcəyini nurlandırmayacaq. Ən düzgün strategiya uşaq basketboluna, infrastrukturun gücləndirilməsinə və yerli məşqçilərin təkmilləşdirilməsinə sərmayə qoymaqdır. Bəlkə də Olimpiadada bir neçə il uğur qazanılmayacaq, amma uzunmüddətli dövrdə milli basketbol dayanıqlı, güclü və özünə güvənən bir sistemə çevriləcək.
İdmanda da, digər sahələrdə də əsas məqsəd “tez nəticə” yox, davamlı inkişaf olmalıdır.
Mirələm HƏSƏNLİ