Azər Bağırov: "Futbolçularıma "5" düşür"

  • Bu gün, 18:11

Azərbaycan Premyer Liqasının XXV turunun “Kəpəz” – “Qarabağ” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– Danışmaq çətindir. Azərbaycan çempionuna qarşı mübarizə aparırdıq. Şükürlər olsun, əziyyət çəkdik, qələbə qazandıq. “Qarabağ” dominantlıq etdi, futbolçularıma təşəkkür edirəm ki, bu mübarizədən qalib çıxdıq.

– Yusif İmanov oyunun qəhrəmanlarından idi…
– Heç kimi fərqləndirmək istəmirəm. Qapıçı komandanın yarısıdır. Bu gün hər futbolçu qələbənin həzzini dadmaq istəyirdi. Futbolçularıma “5” düşür.

– Bu mövsüm ikinci dəfə “Qarabağ”ı məğlub etdiniz. Onlar üçün keçilməz sədd olmusunuz.
– Bəzi situasiyalarda bəxtimiz gətirdi. “Qarabağ” bizdən qat-qat üstün idi. Qismətdə qələbə var imiş.

– Komandanın liqada qaldığını demək olar?
– Hələ yox. Qarşıda turlar var. Milli fasilədən sonra mübarizə daha çətin olacaq. Komandalar son dövrədə fərqli yanaşacaqlar.

– Oyunun sonlarında futbolçular sanki ötürmələr etmirdi…
– Oyunun yorğunluğundan irəli gələn qərarlar idi.

– Yeni mövsümün planları baxımından rəhbərliklə danışıq olub?
– Bu yaxınlarda oturub, daha detallı danışacağıq. İndidən nələrisə etməliyik ki, sabahımız yaxşı olsun. Bu gün gördüyümüz iş sabahımız üçün “kart”dır.

– Söhbətlər var ki, mövsümün son oyunu Gəncədə olacaq. Sizdə belə məlumat var?
– Mənim səlahiyyətimdə yoxdur ki, deyim harda oynayaq. Hava şəraitinin də meydançanın hazır olması üçün önəmi var. Çalışırlar ki, mayın sonuna kimi meydançanı çatdırsınlar. Biz də azarkeşlərimiz önündə oynamaq istəyirik.


Paylaş: