Azər Bağırov Veysəlin durumundan danışdı
"Kəpəz" Azərbaycan Premyer Liqasının XIX turunda Qubada "İmişli" ilə qolsuz heç-heçə edib.
Sportlife.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- "İmişli"nin oyunlarını izləmişdik. Burada oynamağın çətin olacağını bilirdik. Meydança oynamağa imkan vermir. Rəqib də daha çox fiziki gücə əsaslanan oyun oynamağa çalışır. Uşaqlar yaxşı mübarizə apardılar. 4 gün əvvəl çətin kubok matçımız olub. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq və heç olmasa 1 xal qazandıq. İrəli baxacağıq. Qarşıda çətin oyunlarımız var. Mübarizə davam edir.
- Veysəl Rzayevin durumu necədir?
- Palatadadır. Müalicə olunur.
- Yenidən komandaya qayıdacaq?
- Bu məsələlər bitdikdən sonra klub rəhbərliyi ilə söhbətimiz olacaq. İnşallah hər şey həm klub üçün, həm də Veysəl üçün daha yaxşı olar.
- Futbolçunun gecə vaxtı küçədə olması nə dərəcədə doğrudur?
- Futbolçular öz evlərində qalırlar, azad vaxtları var. Gəncə balaca şəhərdir. Bütün futbolçulara nəzarət edirik. Yazılmayan qaydalar var. Bu, Allahın qədəri idi. Belə oldu. Heç kim istəməzdi ki, belə hadisə olsun. Əlbəttə ki, ölçü götürüləcək.