
"Bizə yaraşmayan mövsüm oldu"
Azərbaycan Premyer Liqasının XXXVI turunun "Sabah" - "Neftçi" oyunundan (1:0) komandanın baş məşqçis Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
- Fiziki, mental durumu yəqin ki, yoluna qoymaq olar. Amma düşünmək olar ki, yayda ən çətin işiniz seleksiya olacaq?
- Bəli, seleksiya işidir. Bu işlərə çoxdan start vermişik. Bu yolda da komanda, məşqçi, bu işdə çalışanlar olaraq bu nə qədər açıqlanmasa da, yaxşı yol seçmişik. Seçimlərdə çalışırıq ki, diqqətli olaq. Buna çox güc sərf edirik. Baxdığımız, danışdığımız oyunçular var. O işə daha çox köklənmişəm. Son illərdə seleksiya ilə bağlı problemlər yaşamışıq, bunu aradan qaldırmağa çalışacağıq. Çox çətin period bizi gözləyir. Təki, nəticəsi olsun.
- Gücləndirmək istədiyiniz mövqelər arasında qapı xətti var?
- Mövqeləri açıqlamayacağıq. Transferlər olanda, görəcəksiniz. Bu oyunçular klub tərəfindən açıqlana da bilər. Transferləri 1-2 aydan sonra da gətirə bilərik. Bir neçə mövqe üçün namizədlərimiz var.
- Birinci hissədə epizod var idi, Namik Ələsgərov Emin Mahmudovun ayağına girir, epizod qırmızı vərəqəyə oxşayır. Keçən dəfə demişdiniz ki, lazım olan şəxslər yumruğu stola vursun. O yumruq vurulmasa, yeni mövsümdə “Neftçi” daha çox çətinlik çəkəcək?
- Hansısa referinin bizə qarşı qərəzli iş gördüyünü ağlımızdan keçirmirik. Səhvlər var. Nəticələrə də təsir edir. Siz deyən epizodu görməmişəm. Biz o qədər nəticələrə köklənmişdik ki, siz deyən məsələni prioritet tutmadıq. Amma bu da bizim üçün önəmli olacaq. Azarkeşin qarşısında rahat danışmaq üçün nəticəni, oyunumuzu düzəltməliyik ki, sonra ətrafda baş verən proseslərə köklənək. Bizə yaraşmayan mövsüm oldu. Faciəyə yaxın bir şey oldu. Danışa bilmirik, dilimiz qısadır. Qərəzsiz olduğuna əmin olduğumdan səhvlər aradan qalxacaq.
- Düşünürsünüz ki, yayda oturub köklü islahatlar aparasınız deyə avrokuboklara bu heyətlə getməmək daha yaxşıdır? Hər halda, avrokuboklara getsəydiniz, oyunçuları yola salmaq, yeni heyət qurmaq zaman alacaqdı. Avrokuboklar da gözləmir...
- Futbol baxımından elədir. İşlədiyimiz klub bizim istəklərimizi üstələyir. Azarkeşin istədiyi şeylər var. Biz avrokuboklarda oynamalıyıq. Həmina avrokuboklarda oynaya-oynaya işimizi düzgün görməliyik.