
"Kimi gördümsə, finala dəvət etdim"
Azərbaycan Premyer Liqasının XXXVI turunda "Neftçi" səfərdə "Sabah"a 0:1 hesabı ilə məğlub olub.
Sportlife.az xəbər verir ki, matçdan sonra "Sabah"ın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırıb.
- Maraqlı oyun oldu. İki qırmızı vərəqə alındı. Hər iki komandanın ifasında çox qol epizodu gördük. Yaxşı ki, qalib gəldik. Kubok oyunu öncəsi bizə özgüvən verəcək.
- Final öncəsi sizi narahat edən nəsə var?
- Xeyr. Biz işləyirik. Az oynayanlara daha çox şans verdik ki, oyun ritmini tutsunlar. Çox oyun oynayanlara istirahət verdik. Sakit şəkildə finala hazırlaşırıq.
- MOİK-in yubiley matçında yəqin ki, sabiq komanda yoldaşlarınızı, eləcə də Valeri Qazzayevi final görüşünə dəvət etmisiniz? Gələcəklər?
- Bilmirəm. Çətindir, amma demişəm (gülür). Kimi gördümsə, hamını finala dəvət etdim. Bəli, final görüşünü də müzakirə etmişik. Oyuna mütləq baxacaqlar. Amma harada baxacaqlarını bilmirəm.
- Vladimir Qabulov Rusiya mətbuatına açıqlamasında bildirib ki, Vaqner Lav “Sabah”ı çempion edə bilər. Bu haqda düşünmüsünüz?
- Vaqner çox yaxşı, ağıllı oyunçudur. Yaş artdıqca sürəti azalsa da, yenə də korpusundan istifadə edərək yaxşı oynayır, topa nəzarət edir. Əslində, çətin sualdır. Bilmək olmaz Premyer Liqanın intensivliyinə dözər, ya yox. Amma Vaqner əla futbolçudur.