"İmişli" ambisiyalıdır, yoxsa sadəcə vitrin düzəldir?

  • Dünən, 17:55

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “İmişli”nin baş məşqçi postuna əcnəbi mütəxəssisin gətiriləcəyi barədə xəbərlər dolaşır. Əgər bu məlumat doğrudursa, qərarın səbəbləri ciddi müzakirəyə ehtiyac yaradır.

19 ildən sonra Premyer Liqaya vəsiqə qazanan İmişli təmsilçisinin yerli futbol mühitinə bələd olmayan bir mütəxəssislə yola çıxması müəyyən suallar doğurur. Əgər məqsəd ambisiyalı heyət qurmaq, liqada ciddi nəticələr əldə etməkdirsə, bu addımı anlamaq olar. Bəlkə də klub rəhbərliyi ilk gündən yüksək hədəflər müəyyənləşdirib və xarici təcrübəyə güvənmək istəyir.

Əgər bu qərarın arxasında başqa səbəblər, şəxsi maraqlar, agent əlaqələri və ya “əcnəbi daha yaxşı görünür” yanaşması dayanırsa, bu, ciddi narahatlıq doğurur. Klub beynəlxalq agentlərlə gəzib xarici pasportlu məşqçi axtarırsa, burada nə futbol var, nə də plan.

Premyer Liqaya yeni qayıdan bir klubun ilk növbədə sistem qurmağa, infrastruktur formalaşdırmağa və azarkeşlərlə bağ yaratmağa ehtiyacı var. Əcnəbi məşqçi bu prosesə töhfə verəcək, yoxsa adaptasiya ilə vaxt itirəcək? Bu, hələ açıq sualdır.

Klubun büdcəsi yaxşıdırsa və həqiqətən iddialıdırsa, daha uzunmüddətli və sistemli strategiyalara yönəlməsi daha faydalı olardı. Hər halda, qərar verilibsə, onu nəticələrə əsasən dəyərləndirmək qalır.

İzləyək, görək bu yol hara aparacaq.

Mirələm HƏSƏNLİ 


Paylaş: