Səmimi etiraf, qeyri-müəyyən gələcək

  • Dünən, 19:13

"Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev 2023/24 mövsümünün bərbad keçdiyini açıq şəkildə etiraf edib. Onun futbolxeber.az-a verdiyi müsahibədə qeyd olunan bu məqam yerli futbol mühitində nadir rast gəlinən səmimiyyət nümunəsi kimi diqqət çəkir. Çünki səhvi qəbul etmək, xüsusilə də rəhbərlik səviyyəsində, bəzən özü bir leveldir.

Rəfiyev həm də növbəti mövsümdə qat-qat uğurlu çıxış edəcəklərinə ümid etdiyini bildirib. Bu arzunun nə dərəcədə reallaşacağını zaman göstərəcək. Lakin əsas sual budur ki, Rəfiyev bu arzunu reallaşdırmaq imkanı qazanacaqmı? Hazırda onun klubda qalacağı-qalmayacağı müzakirə mövzusudur.

Rəfiyev etiraf etdi. Bu, azərbaycanlı klub rəhbərləri kontekstində elə özü bir hadisədir. Səhv etmək insana xasdır, amma boynuna almaq artıq “nadir hadisələr” siyahısındadır.

Müqayisə üçün, digər klublarda bu cür açıq etiraflara nadir hallarda rast gəlinir. Məsələn, “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlovdan indiyədək belə bir açıqlama eşidilməyib. Bu mənada Rəfiyev müəyyən mənada fərqləndi və bu, ən azı yaxşı mənada dəyərləndirilə bilər.

Amma indi əsas məsələ etiraf yox, davamlılıqdır. Rəfiyev klubda qalacaqmı? Yoxsa uğursuz mövsümün hesabı əvvəlcə ona kəsiləcək?

Bizə sadəcə izləmək və bu gün deyilənlərin gələcəkdə nə dərəcədə reallığa çevriləcəyini müşahidə etmək qalır.

Mirələm HƏSƏNLİ 


Paylaş: