"Çox vacib və stresli görüşdə qələbə qazandıq"

  • Bu gün, 20:09

"Zirə" Azərbaycan Premyer Liqasının XX turunda doğma meydanda "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edib.

Sportlife.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Gərgin oyun keçdi. Gözləntilərimiz də bu idi. Rəqibimiz hər oyuna "ölüm-qalım" mübarizəsi ilə çıxır. Hər xal onlar üçün çox önəmlidir. Bilirdik ki, qarşımızda möhkəm komanda olacaq. Müdafiə davranışları fərqli idi, daha kompakt oynadılar. Oyunboyu yaxşı hücumlarımız var idi. 2-ci və ya 3-cü qolu vursaydıq, matç daha rahat keçərdi. Amma vacib olan odur ki, qalib gəldik. Rəqibə qol epizodu vermədik. Futbolçularımı təbrik edirəm. Çox vacib və stresli görüşdə qələbə qazandıq.

- Anatoli Nuriyevin transferi necə reallaşdı?

- Futbolçu olaraq onu həmişə bəyənmişəm. "Sabah"a müraciət etdik və buna "hə" dedilər. Nuriyevin keçidinə razı oldular. Bizim üçün vacib transfer idi. Buna görə "Sabah"a təşəkkür edirəm. Yaxından və yaxşı tanıdığım oyunçudur. Son vaxtlarda az oynayıb. Amma zamanla daha yaxşı formaya düşəcək.

- Bu heyət istədiyinizi reallaşdırmağa imkan verir?

- İstədiyimiz ən azından avrokuboklara düşməkdir. Çox istəyərdik ki, Avropaya gedək. Paralel olaraq, rəqabət bu mövsüm daha fərqlidir. 2 komanda çempionluq uğrunda mübarizə aparır, digər 5 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq. Rəqiblərimizin də yaxşı heyəti var. Yaxşı performans göstərirlər. İstədiyimizi nə qədər reallaşdıracağıq, onu zaman göstərəcək. Ən vacib olan zədəlilərimizin az olması, futbolçuların yaxşı formada olmasıdır.


Paylaş: