"Neftçi" ilə oyundan öncə "Araz-Naxçıvan"da üzlər gülür
“Fasilə zamanı komanda gündə 2 dəfə məşq edirdi. Məşqlər həm fiziki, həm də taktiki planda keçirilirdi”.
Bu sözləri Sportlife.az-a açıqlamasında “Araz-Naxçıvan”ın mətbuat katibi Mahal Məmmədov milli komanda ilə bağlı yaranan fasilədə bölgə təmsilçinin Premyer Liqanın növbəti turuna hazırlıq prossesi barədə danışarkən deyib.
Klub rəsmisi bildirib ki, “Araz-Naxçıvan” hazırlıq prossesini tam heyətlə həyata keçirə bilməyib:
“Milli komandaların düşərgəsində olduğuna görə, Turan Manafov, Kristian Avram və Abdulla Rzayev kollektiv çalışmalarda iştirak etməyib”.
Məmmədov zədəli futbolçuların hazırki vəziyyətinə də aydınlıq gətirib: “Bir neçə oyunçuda yüngül zədə var idi. Vanderson, İsmail Azzaui... Artıq onlar da dünənki kollektiv çalışmalara qoşulublar. Bu gün komandaya istirahət verilib. Sabahdan məşqlər bərpa olunacaq. "Neftçi" ilə oyunu cəza və ya zədə üzündən buraxacaq futbolçu yoxdur”.
Qeyd edək ki, milli fasilənin ardından Premyer Liqanın 14-cü turunda “Araz-Naxçıvan” “Neftçi”nin qonağı olacaq. Qarşılaşma 26 noyabr tarixində baş tutacaq.
Nərmin VÜQARQIZI