Vernidub: "Heç vaxt demərəm ki..."

  • Dünən, 23:26

Azərbaycan Premyer Liqasının XXIII turunun “Neftçi” – “Turan Tovuz” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib.

– İlk məğlubiyyətinizi yaşadınız. Bu, komandaya necə təsir edəcək? Qəza kimi yanaşacaqsınız, ya necə?
– Nə vaxtsa bir məğlubiyyət olmalı idi. Oyuna baxanda demək olmaz ki, məğlubiyyətə layiq idik. Azından heç-heçə olmalıydı, qələbə də qazana bilərdik. Böyük epizodlar olmadı. Onlar bir şansı dəyərləndirdi, biz yox. Bununla barışmaq və işləmək lazımdır.

– 2-ci hissədə komandanın oyunu alınmırdı. “Şamaxı” ilə matçdakı hakim qərarları bu oyuna necə təsir etdi? Köklənmək problemi yox idi?
– Əlaqəsi yoxdur. Ümumi oyunda intensivlik var idi, amma 2-ci hissə yaxşı alınmadı. “Turan Tovuz” zəif rəqib deyil. 3-cü yerdədilər, amma bu gün onlardan pis oynamadıq. Buraxdığımız bir qol oyunun taleyini həll etdi.

– Bu heyət hədəflərinizə çatmaq üçün yetərlidirmi?
– Dəfələrlə təkrar etmişəm, gələndən eyni heyətdir. Sadəcə braziliyalı bir oyunçu (red-Brener Almeyda) transfer etmişik və belə davam edəcəyik.

– Cinah oyunçularınız zədəli idi. Onların yoxluğu oyuna necə təsir etdi?
– Ciddi bir şey olmadı. Məcburiyyətdən əvəzləmə etdik. Amma bizdə 23 futbolçu var və hamısı oynamalıdır. Onlar bura oturmağa gəlməyib. Zədələrin nəticəyə ciddi təsir etdiyini düşünmürəm. Heç vaxt demərəm ki, mən yaxşıyam, oyunçular pis. Futbolçular hər oyun artırmağa çalışır.

– İlk dəfə müsəlman ölkəsində işləyirsiniz. Komandanızda oruc tutanlar var. Bu, oyunçuların hazırlıq planına təsir edir?
– Həqiqətən, təsiri var. Lakin tək bizdə deyil, digər komandalarda da eyni vəziyyətdir. Onlara nəsə qadağa qoymağa haqqım yoxdur. Bunların da öhdəsindən gələcəyik. Tək bizdə deyil, eyni şey “Turan Tovuz”da da var. 7-yə kimi yemək yeməmək və 8-də oyuna çıxmaq çətindir.

– Özünüzdən əvvəlki məşqçilərdən fərqli olaraq, bəhanə gətirmirsiniz. Gələcəkdə də belə olacaq?
– Mənə qədər burda bir məşqçi olub. Həmin məşqçi haqda nəsə deyə bilmərəm, bu, qeyri-etik olar. Həm də həmkarımdır. Mənə qədər olan hamı günahkardır demərəm. Hər zaman aldığın zərbəni dəf etməyi bacarmalısan və insan olaraq qalmalısan. Ona görə də indiyə qədər çalışdığım klublarda hər zaman nəticə olub.

– “Qarabağ”la təxirə salınmış oyunun vaxtı açıqlanmayıb. Rəqib apreldə 3 dəfə “Sabah”a qarşı oynaya bilər. Bu halda sizinlə oyunun may ayında keçirilməsini istəyə bilər. Bu dəfə də “Qarabağ”a güzəşt edəcəksiniz?
– Qərarı nə mən, nə “Qarabağ” verir. Mən bilən AFFA bu haqda qərar verir. Nə vaxt desələr, oynamağa hazırıq. Əlbəttə, biz də öz təkliflərimizi verəcəyik. Bildiyim qədərilə, hər iki tərəf tarixdə razılaşmalıdır. Sabah desələr, sabah oynayacağıq. “Qarabağ”a qarşı oynamaq mənim üçün də maraqlıdır. Güclü komandalara qarşı duellər yaxşı olur. Görməliyik ki, biz də oralara çatmaq üçün nələr etməliyik. Yolumuza davam edəcəyik.

Klubun media və marketinq direktoru Rüstəm Əfsərli: “Klub adından deməliyəm ki, AFFA-nın bəyanatı gözlənilməz oldu. Çünki indiyə qədər qurumun fəaliyyəti ilə bağlı hansısa sözümüz olmayıb. Görülən işlərdən daim məmnun olmuşuq. Bu məsələlərdən iradımız olmayıb. Suallarımız hakim qərarları ilə bağlıdır. Yanlış qərarlardan ən çox əziyyət çəkən komanda bizik. Bununla bağlı suallarımız var idi. Diqqət etsəniz, mövsüm ərzində Hakimlər Komitəsində bizim matçda lehimizə bir yanlış qərar olduğu deyilməyib. Amma əleyhimizə olan yanlış qərarlar təsdiqlənib. Suallarımız bunlardan ibarət idi. AFFA Hakimlər Komitəsinə dəvətə görə təşəkkür edirik. “Şamaxı” ilə oyunda penaltinin doğru olduğu açıqlanandan sonra görüşə ehtiyac qalmadı. Hakimlərlə bağlı suallar var, federasiya ilə bağlı yox. Bir məqamı bildirmək istərdik, bəyanatda bir neçə xoşagəlməz, qəbulolunmaz ifadələr var idi. İctimai fikirlərin manipulyasiyası, oyun qaydaların yozulmasında şəxsi maraqlar və s. bunlar “Neftçi”yə eyham vurularaq istifadə edilə bilməz. Bizim tariximiz göz önündədir. Ümid edirəm ki, növbəti dəfə diqqət edilər və belə ifadələrdən qaçılar. Bir daha qeyd edirəm, qurumla bağlı narazılığımız yoxdur və ölkənin köklü klubu olaraq AFFA-nın qərarlarına, islahatlarına dəstək olduğumuzu bildirmək istəyirəm”.


Paylaş: