
İdmançılarımız Polşada 6 medal qazanıb - FOTOLAR
28 noyabr - 1 dekabr 2024 tarixlərində Polşanın Mikolov şəhərində keçirilən kombat ciu-citsu üzrə Dünya Çempionatı başa çatıb.
Sportlife.az xəbər verir ki, ölkəmizi bu mötəbər tədbirdə, Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin 9 idmançısı təmsil edib. İdmançılarımız yarışda “ground fight”, “full contact”, “close contact” və “self-defence” versiyalarında mübarizə aparıblar.
Çempionatda 36 yaşdan yuxarı idmançıların arasında Ceyhun Hüseynov (70 kq) “full contact”, Ramin Yusifov (70 kq) və Məğrur Əhmədov isə (93 kq) “ground fight” versiyasında qızıl medal qazanıblar. Qadınların arasında mübarizədə İlahə Vəliyevə “self defence” versiyalarında birinci olub, Günay Məmmədova (56 kq) isə "full contact" versiyasında üçüncü yeri tutub.
Rafiq Qəmbərov isə 16-17 yaşlı idmançıların mübarizəsində “ground fight” versiyasında mübarizəni üçüncü pillədə başa vurub.
Komandaya DİN-in İdman Cəmiyyətininin məşqçi-müəlliımi, fəxri bədən tərbiyəsi və idman işçisi, əməkdar məşqçi Rəsul Məmmədov rəhbərlik edib. Həmçinin R. Məmmədov Beynəlxalq Kombat Ciu-citsu Federasiyasının Hakimlər Komitəsinin sədridir və dəfələrlə Dünya, Avropa və Asiya çempionatlarını baş hakim kimi idarə edib.
Qeyd edək ki, ümumi nəticədə komandamız çempionatı 4 qızıl və 2 bürünc medalla başa vurub.