
Lester Sitidən 25 milyonluq rəsmi transfer
"Lester Siti" heyətini yeni futbolçu ilə gücləndirib. Sportlife.az xəbər verir ki, klub "Mançester Siti"nin hücumçusunu transfer edib.
Söhbət "şəhərlilər"in nigeriyalı üzvü Keleçi İxeanaçodan gedir. Klubun rəsmi saytından yayımlanan açıqlamada 20 yaşlı hücumçu ilə 5 illik müqavilənin imzalandığı bildirilib. Gənc istedad yeni komandasında 8 nömrəli forma ilə çıxış edəcək. Keçidin dəyəri barədə məlumat verilməsə də İngiltərə mətbuatı transferin "Lester Siti"yə 25 milyon funt-sterlinqə başa gəldiyini yazıb.
Qeyd edək ki, "Mançester Siti"nin yetirməsi olan Keleçi İxeanaço indiyədək 64 matçda 21 qol vurub.