Fizuli Məmmədov: "Sabah" kimi komandaya qarşı 11 nəfərlə də oynamaq çətindir"
"Karvan-Yevlax" Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə "Sabah"a 0-2 hesabı ilə məğlub olub.
Sportlife.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bilirdik ki, çətin oyun olacaq. "Sabah" çox güclü komandadır. Turnir cədvəli bunu göstərir. Oyuna çox diqqətli hazırlaşmışdıq. Çalışırdıq ki, ən azı məğlub olmayaq. Qırmızı vərəqə oyuna çox təsir etdi. "Sabah" kimi komandaya qarşı 11 nəfərlə də oynamaq çətindir. 10 nəfər qaldıqdan sonra boşluqlar verməyə başladıq. Həm müdafiə xəttinin, həm də qapıçımızın yaxşı oyunu sayəsində birinci hissə bərabərliklə yekunlaşdı. İkinci yarıda artıq səhvlər özünü göstərdi. Nəticədə qol buraxdıq. Futbolçularım meydanda vuruşdular. Onlara təşəkkür edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq. Çempionat hələ davam edir. Sona qədər mübarizə aparacağıq.
- "Karvan-Yevlax" bu mövsüm böyük rəqiblərə qarşı cəsarətli oyunu ilə seçilir. Bu gün isə komanda demək olar ki, müdafiə olundu. Bu, rəqibə görə seçilmiş taktika idi?
- Rəqibi təhlil etmişdik. "Sabah" pressinqi ilə seçilir. Pressinqdən sonra qol epizodları yaradırdılar. Belə epizod verməməyə çalışırdıq. Hesab 2:0 olandan sonra rəqib də 10 nəfərlə qaldı. Bilirdik ki, böyük qüvvə ilə irəli atılsaq, rəqib bizi əks-hücumda tuta bilər. Qapalı oynamağa çalışırdıq.
- Qapıçınızın performansını necə dəyərləndirirsiz?
- Qapıçımız bütün oyunlarda yaxşı performans göstərib.