"Ot örtüyünün dəyişdirilməsini yeni mövsümə kimi çatdıra bilərik" - "Turan Tovuz" rəsmisi

  • 6 İyun 2024, 16:13

"Meydançanın ot örtüyünün dəyişməsi ilə əlaqədər xəbərləri biz də saytlardan oxuyuruq. Bəli, gündəmimizdə belə bir məsələ var. Ancaq hələ tam qərar verilməyib. Buna səbəb stadionun ətrafında müəyyən işlərin getməsidir. Bilirsiniz ki, işıqlandırma ilə əlaqədər yeni dirəklər qurlaşdırılır. Hazırda bununla bağlı işlər gedir. Əlavə olaraq üç mərtəbəli bina inşa edilir. Bir müddət fasilə yaransa da, çalışmalar yenidən start götürüb. Bu işlər çox ciddi maliyyə tələb edir. Hər şəraiti olan 3 mərtəbəli baza tikmək heç də az məbləğə başa gəlmir. Bununla bərabər həm də ot örtüyünü dəyişmək bir az çətin məsələdir".

Bu sözləri Sportlife.az saytına "Turan Tovuz" klubunun idarə heyətinin sədr müavini Əli Balakişiyev Tovuz təmsilçisinin ev oyunlarını keçirdiyi stadionun meydançasının dəyişdirilməsi barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

"Ola bilsin ki, bu il süni örtüyün dəyişməsi ilə bağlı işə başladıq. Ancaq bu gün üçün dəqiq nəsə yoxdur. Hələ az öncə qeyd etdim işlər görülür. Bu çalışmalar özü də ciddi məbləğ aparır. Amma bu məsələylə bağlı AFFA-ya da müraciət etmişdik. Ola bilsin bizə hansı yolla kömək edildi. O zaman işlərə başlayıb, yeni mövsümə kimi tamamlamaq olar.

AFFA-dan isə hələ heç bir cavab yoxdur. Bilirsiniz ki, bizim stadionumuzda 6-7 komanda mübarizə aparır, həm də məşq edir. Bütün bunlar hamısı bir stadionda baş tutur. Əgər biz meydançanı təbii ot örtüyü ilə dəyişsək, bu qədər matçın keçirilməsi mümkün olmayacaq. Ona görə də məcburuq ki, 2-3 təbii ot örtüylü meydança salınsın. Bunun da tez bir vaxtda həll etmək çox çətindir və böyük məbləğ tələb edir. Gözləyək, AFFA-nın cavabını. Biz bu işi yalnız "Turan Tovuz" üçün yox, Premyer Liqanın digər 9 komandası üçün də edirik. Çünki onlar da səfərə gələndə bu stadionda mübarizə aparacaq".


Paylaş: