"Onların uğur qazanmağına maneçilik yaradan faktorlar var imiş"
Azərbaycan millisinin sabiq üzvü, futbol eksperti Aslan Kərimov Misli Premyer Liqasında ilk dövrədə baş verənlər barədə Sportlife.az-a danışıb.
O, ilk dövrədəki sürprizlərdən və çempionatın ümumi oyun səviyyəsi barədə fikirlərini bildirib:
"İlk dövrəni dəyərləndirəsi olsaq, kiçik sürprizlər oldu. Təbii ki, “Qarabağ”ın ilk pilləni tutması gözlənilən idi. Təəccüb doğuran faktorlardan biri “Araz-Naxçıvan”ın rəqiblərini qabaqlayıb ikinci yeri əldə etməsi oldu. Bu, xoş bir sürpriz oldu. “Turan Tovuz” Kurban Berdıyevi gətirəndə artıq bəlli idi ki, komanda iddialı olacaq. Burda təəccüblü bir şey yox idi. Əsas təəccübləndirən məqamlardan biri o oldu ki, çempionat başlayanda “Neftçi”nin daha yuxarı yerlərdə olacağını zənn edirdik, lakin bu heç də belə olmadı. “Səbail” və “Kəpəz”in sonuncu yerləri tutması da gözlənilən idi. Az büdcə ilə yuxarı pillələr üçün mübarizə aparmaq çətin məsələdir. Ona görə də buna təəccüblənmədim.
Oyun keyfiyyəti barədə danışsaq isə, bəzi komandalar var ki, oyunlarını yaxşılaşdırıblar. İlk 6 pillədəki komandalar daha aqressiv, daha iddialı oynayırlar. Ancaq digərlərini, aşağıdakıları götürəsi olsaq, məsələn “Şamaxı”da 2-3 oyunçunun heyətdən uzaqlaşdırılması onların oyun üslubuna təsir edib. Son turda da “Sabah” kimi komandanı məğlubiyyətə uğratmağı bacardılar. Göründüyü qədərilə onların uğur qazanmağına maneçilik yaradan faktorlar var imiş. Aşağıdakılar isə çox da oyunlarını dəyişdirə bilmədilər. Çünki maliyyə cəhətdən əgər dayanıqlı deyilsənsə, oyununu yaxşılaşdırmaq, rəqabətə davamlı oyun təşkil etmək çox çətindir".