
AFFA-nın KAFKASI
Vəziyyəti dürüstcə təhlil edənlər bilirlər ki, Fernando Santuş günah keçisi deyil, "sıfırdan başlama" hekayəsinin qurbanıdır. O, Azərbaycana özü gəlməyib və onu Rövnəq Abdullayev və Elxan Məmmədov da gətirməyib.
Santuşun Azərbaycana dəvət edilməsinə qərar verən yeni AFFA rəhbərliyi – Rövşən Nəcəf, Balakişi Qasımov, Elşad Nəsirov, Sərxan Hacıyev, Maqsud Adıgözəlov və digərləri olub. Tanıyın, milli komandanın növbəti sərgüzəştlərinə imza atanlar məhz bu şəxslərdir.
Bir ildə edilən "yeni təyinatlar" və "yeni ümidlər" yalnız bunu göstərdi: əvvəlki səhvlər yenə təkrarlandı. Onlar öz strategiyalarını fiaskoya çevirdilər. Artıq sıfırdan yox, mənfidən başlamaq lazımdır...
Milli komandalarımıza edilən təyinatların nəticəsi isə ortadadır. Heç bir konkret irəliləyiş yoxdur, yalnız təkrarlanan səhvlər və nəticəsiz proseslər davam edir. Yeni rəhbərlik futbol mühiti ilə əlaqə qura bilməyib və bunun nəticəsi olaraq uğursuz duruma düşüb.
Santuşun gördüyü işlər yeni AFFA rəhbərliyinin "yenilik" adı altında həyata keçirdiyi cəhdlərin nəticəsidir. Yeni strategiyanın başlanğıcında olan fəlakət "cırıq toplar" və milli komandaların biabırçı nəticələri ilə açıq-aşkar görünür.
Yeniliklər sadəcə yeni yanlışlar gətirdi və biz artıq "AFFA-nın kafkası"nı gözləyirik.
Mirələm HƏSƏNLİ