İsraf edilmiş resurslar
“Neftçi”nin debütant və büdcəsi özündən qat-qat aşağı olan “İmişli”yə məğlubiyyəti sosial şəbəkələrdə geniş müzakirə olunur. Komanda bu rəqibinə qarşı ilk dövrədəki oyunda yalnız 1 xal qazana bilmişdi. "Neftçi" hazırda 12 komanda arasında 8-ci pillədədir...
Təbii ki, bütün diqqət ilkin olaraq baş məşqçi Samir Abasovun üzərində cəmlənir. Ötən mövsüm “komandanı mən yığmamışam” arqumenti ona müəyyən kredit qazandırmışdı. Bu mövsümdə isə artıq çıxış yolu görünmür və istefa ehtimalı realdır.
Lakin məsələni təkcə baş məşqçi səviyyəsində izah etmək sadəlövh yanaşmadır. “Neftçi”nin problemləri daha dərin, daha sistemlidir.
Maliyyə var, amma nəticə yoxdur – niyə?
“Neftçi” Azərbaycan futbolunun ən yüksək büdcəyə sahib klublarından biridir. Resurs var, infrastruktur var, transfer üçün pul da var. Amma yenə də stabillik yoxdur. Bunun səbəbi idarəetmədəki ziddiyyətlərdən, funksional bölgünün aydın olmamasından və qərarverici şəxslərin effektiv fəaliyyət göstərməməsindən qaynaqlanır.
Klub idarəçiliyi hansı durumdadır?
Orda hamı öz işindədirmi və hamı öz işini görürmü?
Uğur qazanmaq üçün xərclənən pullar faydalı yerlərəmi xərclənir?
Buna nəzarət varmı?
Qərarlar kim tərəfindən və hansı mexanizmlə qəbul olunur?
Hesabatlılıq varmı?
İcra strukturları arasında koordinasiya necədir?
Bu suallar təkcə ictimaiyyət üçün deyil, elə klubun özü üçün də aydınlaşdırılmalıdır.
Düzgün idarəetmə üçün xərclənən pullar hara gedir?
Transferlər, maaş büdcəsi, infrastruktur xərcləri – bunların hər biri “klub inkişaf edir” görüntüsü yarada bilər. Xərclənən pullar səmərəli işlənirmi və buna real nəzarət varmı?
Bu ümumi sualları xüsusiləşdirək:
Cenk Sümer
Baş icraçı direktor və klubun idarəetməsində mərkəzi fiqurdur.
– İşinin öhdəsindən gələ bilirmi?
– İndiyə qədər ən uğurlu işi nə olub?
– Onun rəhbərliyi altında strukturda şəffaflıq və funksional effektivlik hansı səviyyədədir?
Kamil Məmmədov
Neftçi”nin uzun müddətdir transferlərinə cavabdeh şəxsdir.
– Bu qədər uğursuz transferlərə görə kiməsə hesabat verirmi?
– Komandanın hazırkı vəziyyətində onun məsuliyyət payı nə qədərdir?
Klubun ən yüksək nəzarət orqanı olan Müşahidə Şurasının rolu bu vəziyyətdə daha da kritikləşir. Şura “Neftçi”nin idarəçilik modelini izləyirmi?
Müşahidə Şurası... Öz müşahidələrini aparması üçün bu suallar ŞURAya kömək ola bilər...
Mirələm HƏSƏNLİ