Samir Abasov, məqsədin nədir?

  • 10 Noyabr 2025, 16:49

Ötən gün Azərbaycan Premyer Liqasının “Zəfər turu” adlanan 11-ci turu çərçivəsində ölkə futbolunun ən böyük qarşılaşmalarından biri – “Qarabağ” – “Neftçi” derbisi baş tutdu. Ağdam təmsilçisi “Neftçi”ni 2:0 hesabı ilə məğlub etdi. Lakin bu matç təkcə futbol baxımından yox, həm də milli ruhun, birliyimizin təntənəsi baxımından yadda qaldı.

“Azersun Arena”da əsl bayram ab-havası hökm sürürdü. Zəfər və Bayraq günlərinin qeyd edilməsi, azarkeşlərin bir-birinə hörmətlə yanaşması, şəhidlərimizin ruhunun anılması Azərbaycan futbolu adına gözəl mənzərəsini yaratdı. Tribunadakı birlik, meydandakı mübarizə futbol baxımından yüksək səviyyəli idi.

Bayram əhval-ruhiyyəsinə oyundan sonrakı mətbuat konfransında Samir Abasovun açıqlamaları ilə kölgədə qaldı. “Neftçi”nin baş məşqçisi məğlubiyyəti qəbul etmək əvəzinə, onu gah hakimin qərarlarına, gah da komandasındakı problemlərə bağlamağa çalışdı. Abasov bildirdi ki, Emin Mahmudovun zədəsi planları pozub, penalti epizodu isə şübhəlidir. Ancaq bu, “Neftçi” kimi ambisiyalı bir klub üçün nə qədər inandırıcı bəhanədir?

Abasov “Neftçi”nin sükanı arxasındadırsa, bu komandanın hər sınağa, hər vəziyyətə hazır olmalı olduğunu çox yaxşı bilməlidir. Transferlərə, yay hazırlığına, yeni transferlərə, yeni müqavilələrə xərclənən milyonlarla manat fonunda, üç ayın sonunda bu səviyyə sadəcə məyusedicidir. “Neftçi” bu qədər böyük büdcə ilə, bu qədər imkanla 7-ci pillədədirsə, problem nə hakimdədir, nə də bəxtsizlikdə. Məsuliyyət birbaşa onun üzərindədir.

Abasovun penalti ilə bağlı “Şəxsən mənim fikrimdir, razılaşmaya da bilərsiniz, razılaşmayanlar da, hansı məqsədi güdür, bəllidir” deməsi isə, sadəcə idman etikası baxımından yox, həm də düşüncə tərzi baxımından qəbuledilməzdir. Bu cür ifadə azad fikrə, tənqidə qarşı bir ittihamdır. Kiminsə fərqli mövqeyinə “məqsəd güdür” demək, ən yumşaq ifadə ilə desək, qeyri-ciddi və populist yanaşmadır. Elçin Məsiyevin qərarında şübhəli məqam olmadığından kimisə ittiham etmək yersizdir. Samir Abasov ən azından belə məqamlarda sözlərinə diqqət yetirməlidir.

Onun meydanda planı yoxdursa, B, C, hətta Z variantı belə düşünülməyibsə, buna görə “razılaşmayanları” suçlamaq absurddur. “Sumqayıt”dan gətirdiyi Elvin Bədəlovun kobud səhvlərinə göz yummaqla, meydanda taktiki boşluqları görməməzliyə vurmaqla “Neftçi” problemi aradan qalxmır. Abasovun “Qəbələ” və “Kəpəz” kimi autsayderlər üzərindəki qələbələrdən sonra eyforiyaya qapıldığı aydın görünür. Lakin reallıq çox sadədir – “Neftçi” hazırda 7-ci yerdədir. Bu, nə klubuna tarixinə, nə sahib olduğu büdcəyə, nə də ad-sanına yaraşır. Samir Abasov razı deyilsə, sadəcə turnir cədvəlinə və təqvimdə onu gözləyən rəqiblərə baxsın...

Turqay


Paylaş: