"Neftçi" qayıdır?

"Neftçi" qayıdır?

  • 1 Avqust 2022, 16:30

Səfərdəki gözlənilməz məğlubiyyətdən (0:2) sonra evdə keçirdiyi cavab görüşündə Kipr "Aris"ini 3 cavabsız qolla məğlub etməyi bacaran "Neftçi"də ümid işartıları hiss olundu. Ancaq indi vitse-çempiondan bu işartıları alova, gur işığa çevirmək tələb olunur. Paytaxt təmsilçisinin bu tələblərə nə dərəcədə cavab verməyə hazır olduğuna növbəti mərhələdəki çıxışından və nəticələrdən sonra aydınlıq gələcək.

Konfrans Liqasının 3-cü mərhələsindəki rəqib Avstriyanın "Rapid" (Vyana) klubudur. "Neftçi" bu dəfə "Aris"dən daha güclü və avrokubok təcrübəsi daha çox olan bir komandaya qarşı mübarizə aparacaq. Rumıniyalı baş məşqçi Laurentsiu Regekampf ilə yeni dövrə qədəm qoyan "ağ-qaralar"ın növbəti uğurlu addımı artıq seçilmiş yeni strategiyanın düzgünlüyü və klubun gələcək inkişafı barədə müsbət düşünməyə əsas verəcək.

"Aris"lə matçlarda iki oyunun nəticəsinə görə növbəti mərhələyə vəsiqə əldə edilsə də, "Neftçi" o qədər də yaxşı oyun nümayiş etdirmədi. Mövsümün əvvəli, ilk oyun, yeni məşqçi, yeni oyunçular və s. amilləri nəzərə alaraq bu dəfə konkret fikir bildirməkdən çəkinirik. Ancaq qarşıdakı 2 oyundan sonra "Neftçi"nin yüksəlişdə, yaxud enişdə olması haqda danışa bilərik.

Regekampfın gəlişi və 5 əcnəbi transferi ilə yenilənən "Neftçi" "Aris"lə oyunlarda baxımlı oynamasa da, istədiyi nəticəni qazana bildi. Qollardan ikisini yeni transferlər - Qodsvey Donyo və Kenni Sayefin vurması və ümumilikdə yeni gələnlərin istəkli mübarizə aparmaları da müsbət məqamdır. Lakin komandanın gözlənilən oyunu göstərə bilməməsi baş məşqçinin hələ ki, daşları tam yerinə oturda bilməməsindən xəbər verir.

İstənilən halda, "Neftçi"nin "Aris"lə oyunda geridönüş etməsi azarkeşlərə gələcəklə bağlı böyük ümidlər verib, itirilmiş etimadı qaytarıb. İndi "Neftçi"ni sevənləri də, sevməyənləri də bir sual maraqlandırır: "Neftçi" qayıdır?

Mirələm Həsənli


Paylaş: