“Sabah”ın pərdə arxasındakı xilaskarı

“Sabah”ın pərdə arxasındakı xilaskarı 

  • 25 Aprel 2022, 18:35

Mövsümün ilk dövrəsini 1 xalla başa vuran “Sabah” indi Konfrans Liqasına vəsiqə qazanmağa çox yaxındır. 17 oyuna 34 xal toplayan komanda öz kiçik tarixi ərzində ilk dəfə olaraq avrokuboklara vəsiqə əldə edə bilər. İndiyədək ən yaxşı nəticəsi 5-ci yer olan paytaxt klubunun birinci dövrədən sonra yüksələn qrafik cızması göz önündədir.

İlk dövrədən sonra baş məşqçi postunda Ramin Quliyevin Murad Musayevlə əvəzlənməsi ilə “Sabah”ın uğura gedən yolu açılmış oldu. Ancaq bu təyinatın da əvvəlkilərin davamı olaraq uğursuz olacağını düşünənlər daha çox idi. Bu düşüncələri haqsız saymaq da olmurdu. Tez-tez məşqçi dəyişən, yaxşı imkanları və güclü heyəti olan klub heç cür sərf olunan büdcənin qarşılığını verə bilmir, hər mövsüm hədəflərindən qat-qat zəif çıxış edirdi. Yaxşı maliyyə imkanları, hər cür şəraitə malik olan “Sabah”ın belə uğursuz nəticələr göstərməsi onu deməyə əsas verirdi ki, bu klubda əsas problem daxildədi. Biz də dəfələrlə öz yazılarımızda bu problemləri qabartmış, komanda idarəçiliyindəki nöqsanları tənqid etmişdik.

Lakin incə bir məqam bu təyinatdan sonra işlərin əvvəlki kimi olmayacağına işarə idi. Özbək əsilli rusiyalı mütəxəssis "Match TV"yə müsahibəsində paytaxt təmsilçisinin sükanı arxasına keçməklə bağlı ilk dəvəti İctimai Televiziyanın baş direktoru Balaş Qasımovdan aldığını deyir:

"İlk dəvət tanınmış ekspert Balaş Qasımovdan gəlib. Mənə zəng etdi, "Krasnodar"a həmişə rəğbət bəslədiyini dedi. Daha sonra "Sabah" kimi bir layihənin mənə maraqlı olub-olmamasını dəqiqləşdirdi. Görünür, klub prezidenti ilə dostdur və bu komandaya azarkeşlik edir. Bir az fikirləşdim, amma eyni zamanda “Sabah”ın harada oynadığını və məşq etdiyini gördüm, şəhərə göz gəzdirdim və sonda razılıq verdim. Düzünü desəm, Qasımov mənim cavabıma xeyli təsir göstərdi. Bir neçə dəfə "Zoom" proqramı vasitəsilə söhbətimiz oldu. Sonra komandanın oyunlarından birini izləmək üçün Bakıya uçdum”.

Yəqin ki, bu açıqlamadan hər şeyi anladınız. Musayev dəvətin klub prezidenti tərəfindən yox, Balaş Qasımov tərəfindən gəldiyini bildirir və onun Bakıya gəlişinə təsir göstərdiyini vurğulayır...

Balaş Qasımov kimdir və “Sabah”a hansı bağlılığı var?  

Məlumatı olmayanlar üçün qeyd edim ki, “Nə, Harada? Nə zaman?” intellektual oyununun aparıcısı və dünya çempionu olmuş Balaş Qasımov hal-hazırda İctimai Televiziyanın baş direktoru vəzifəsində çalışır. Qasımov “Sabah”ın qeyri-rəsmi rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun xalası oğludur. Cabbarov klub təsis olunduqdan sonra bütün səlahiyyətləri Balaş Qasımova həvalə etmək istəsə də, o, futbol sektorunda təcrübəsi olmamasını əsas gətirərək o vaxt təklifi qəbul etməmişdi.

“Sabah”da yeni dönəm...

Murad Musayevin sözlərindən də aydın olur ki, Balaş Qasımov artıq “Sabah”da məsuliyyəti öz üzərinə götürüb. Kluba yaxın mənbədən aldığımız məlumata görə, klubun prezidenti Maqsud Adıgözəlovun uğursuz idarəetməsi Mikayıl Cabbarovu qane etmədiyinə görə, o, kluba Balaş Qasımovun nəzarət etməsini istəyib, əks təqdirdə komandanı dağıdacağını bildirib.

Görünən odur ki, atılan addımlar öz bəhrəsini verməyə başlayıb. Pərdə arxasındakı şəxs önə çıxaraq daxildəki problemləri çözüb, “Sabah”ı quyuya düşməkdən xilas edib...

Mirələm Həsənli


Paylaş: