"Braziliyalılara deyirəm ki, Tovuzda sanki "La Bombonera" stadionu var" - MÜSAHİBƏ

  • 16 Aprel 2024, 10:38

“Turan Tovuz”un braziliyalı futbolçusu Aleks de Souzanın Sportlife.az-a müsahibəsini təqdim edirik.

"Qəbələ" ilə oyunda geridönüşü necə dəyərləndirirsən?

- Çətin oyun oldu. Üstünlüyü ələ keçirdilər, amma ikinci hissədə özümüzə gələ bildik və 3 xalı qazandıq.

2-ci yerlə aranızda 5 xal fərq var. Bunu aradan qaldırmaq mümkün olacaq səncə?

- Bizim üçün hər oyun bir finaldır, buna nail olmaq üçün sona qədər mübarizə aparacağıq

Qarşıda "Sumqayıt"la oyun var. O matçdan gözləntilərin nədir?

- Çox çətin oyun olacaq. Onların keyfiyyətini bilirik, amma evdə, azarkeşlərimizin önündə olacağıq. 3 xalı təmin etmək üçün bütün həftə çox çalışacağıq.

Mövsümün ikinci yarısından komandaya qoşulsan da, artıq 6 qol vurmusan. Bu göstəricini daha da yaxşılaşdırmağı bacaracaqsan?

- Daha çox qol vuracağıma ümid edirəm.

Otto Conun 8 qolu var. Komanda yoldaşınla rəqabət necə gedir? Səncə, onu keçə biləcəksən?

- Mən sadəcə qol vurub, komandama qələbə qazandırmağı düşünürəm.

Komandanı mövsümün sonunda hansı pillədə görürsən?

- Bunu deyə bilmərəm. Amma biz düz yoldayıq. Komanda çox yaxşıdır.

Qollarının çoxunu Tovuzda vurmusan. Səncə bunun səbəbi azarkeşlərin xüsusi dəstəyidir? Yoxsa təsadüfdür?

- Evimizdə qol vurduğum üçün şadam... Bura xüsusi yerdir... Mən braziliyalılara deyirəm ki, Tovuzda sanki “La Bombonera” stadionu var (gülür). Tovuzda azarkeşlərimiz qarşısında oynamaq çox gözəldir.

Bir vaxtlar digər braziliyalı Aleks de Souza "Fənərbağça"nın əfsanəsinə çevrilmişdi. Sən də "Turan Tovuz"da uzun illər qalıb, əfsanəyə çevrilə bilərsənmi?

- (Gülür) Ümid edirəm ki, “Turan Tovuz” azarkeşləri üçün yaddaqalan olaram.

Qulammirzə Səfərli

 


Paylaş: