Firudin Qurbanov: Bu cür oyunla Sabah komandası sabahımıza ümid verdi
Bu gün Azərbaycan I Divizionunun ilk turunun daha 3 oyunu keçirilib. Günün ən maraqlı görüşlərindən biri Binə qəsəbə stadionunda çempionatın debütantları “Binə” və “Sabah” klubları arasında baş tutub.
Görüşü izləyənlər arasında Təshil nazirinin müavini Firudin Qurbanov da olub. Qarşılaşmadan sonra Qurbanov Sportlife.az saytına müsahibə verib.
- Qarşılaşma barədə fikirləriniz necədi?
- Nəzər alsaq ki, komanda çox qısa müddətdə formalaşıb, onda bugünkü oyunu qənaətbəxş hesab etmək olar. Komandanın oyunu onu göstərdi ki, heyət düzgün qurulub. “Binə” kimi güclü komanda ilə oyunda “Sabah”ın qalib gəlməsi ümidvericidi. Bu hələ birinci oyun idi və mən hesab edirəm ki, bu cür oyunla “Sabah” komandası sabahımıza ümid verdi.
- Təhsil Nazirliyinin klubla bağlı böyük layihə planlarının olduğu deyilir. Bu barədə məlumat verərdiz?
- Bu komanda Təhsil Nazirliyinin “Vətən” futbol məktəbinin bazasında yaranıb və əsas məqsəd ondan ibarətdi ki, bu komandanın formalaşmasında “Vətən”də hazırlanan gənc futbolçular oynasınlar. Digər əsas məqsədlərdən biri isə ölkəmizdə futbolun inkişaf etdirilməsiylə bağlıdı. Biz gənclərimizi futbola daha çox cəlb etmək, futbolda kütləviliyi təmin etmək istəyirik. Gələcəkdə yığma komanda üçün layiqli futbolçular yetişdirməyi qarşımıza məqsəd qoymuşuq. Yəqin ki, komandanın gələcəkdə Premyer Liqada çıxış etməsi də bu layihə planlarına daxildi. Amma yenə də qeyd edim ki, əsas məqsəd ölkəmiz üçün güclü, rəqabətə davamlı futbolçular yetişdirməkdi.
- “Sabah” oyunlarını Bayıl qəsəbəsindəki stadionda keçirməli idi. Sonradan qərarın dəyişməsi nə ilə bağlıdı?
- Biz bir neçə variantların üstündə fikirləşdik və bu stadionun üzərində dayandıq. Hələlik planımız belədi ki, bütün oyunlarımızı bu stadionda keçirək.
- Oyundan sonra paltardəyişmə otağına daxil olduz...
- Ümumiyyətlə birinci oyun həmişə məsuliyyətli olur. Oyundan öncə baş məşqçi də çox böyük həyəcan keçirirdi və bu sanki onun birinci sınağı idi. Sadəcə komanda üzvlərini və baş məşqçini təbrik etdim. Biz komandanın oyunundan çox razı qaldıq. Düşünürəm ki, baş məşqçinin də burda böyük rolu olub. Çünki qısa zaman ərzində komandanı formalaşdırmaq böyük əziyyət və eyni zamanda təcrübə tələb edir. Biz komandanın vəziyyətindən mənunuq.
- Bildiyimiz qədər, kluba “Sabah” adının verilməsinin səbəblərindən biri də Təhsil Nazirliyinin tabeliyindəki “Sabah” qruplarını komandaya azarkeş qrupu olaraq cəlb etmək olub. Bu gün həmin azarkeş qrupunu stadionda görmədik...
- Az olsa da, azarkeşlərimiz var idi. Ola bilər ki, bir az aktiv olmayıblar. Nəzərə almalıyıq ki, “Binə” komandasının təcrübəsi böyükdü və onların fan klubu var. Ona görə də, onlara nisbətən ola bilsin ki, bizdə azarkeşlərin azlığı hiss olunurdu. Amma gələcəkdə yəqin ki, bizdə də azarkeş kütləsi çoxalacaq.
Söhbətləşdi: Mirələm HƏSƏNLİ