Bir qolla hər şey bitmir, baş hakimə də kömək etmək lazımdı

"Bir qolla hər şey bitmir, baş hakimə də kömək etmək lazımdı"

  • 7 Noyabr 2017, 16:00

Gəncədə keçirilən “Kəpəz” - “Qarabağ” matçında oyunun baş hakimi “Qarabağ”ın qapısına penalti təyin etsə də, epizodun əsas qəhrəmanı Viktor Oseqeyl penalti olmadığını bildirərək feyr-pley nümayiş etdirmişdi.

Sportlife.az son günlərin gündəmdə olan siması olan Gəncə klubunun legionerinin müsahibəsini təqdim edir:

 

- “Qarabağ”la matçdan məğlub ayrıldınız. Görüşlə bağlı nə deyəcəksən?
- Hansı komandaya qarşı oynadığımızı yaxşı bilirdik. “Qarabağ”ın gücü barədə danışmağa ehtiyac yoxdu. Bu komandaya qarşı uğurlu çıxış etmək istəyirdik. Pis oynamadığımızı düşünürəm. Ancaq rəqib öz gücünü bu oyunda da göstərdi.

- Halbuki “Qarabağ” bir neçə gün öncə “Atletiko”ya qarşı ağır oyundan çıxmışdı və onların yorğun olduğunu düşünmək olardı...
- Rəqibin yorğun olduğunu görmədik. Onların çox güclü iki heyəti var. Ona görə də oyunları çox olmasına baxmayaraq, onlarda yorğunluq olmaz. 

- “Qarabağ”ın “Çelsi” ilə görüşdə uğurlu nəticə qazanacağını düşünürsən?
- “Qarabağ” Çempionlar Liqasında gücünü onsuz da göstərib. Ancaq təbii ki, “Çelsi”yə qalib gələrsə, bu, bütün Azərbayca futbolu üçün böyük və yaddaqalan gün olacaq. Azərbaycan futbolu həmin qələbə ilə çox şey qazanacaq. “Qarabağ”a “Çelsi” ilə görüşdə uğurlar arzulayıram. Mən özüm də “Qarabağ”ın qalib gəlməsini istəyirəm. Çünki onlar qalib gələrək ÇL-də qrupdan çıxmaq şanslarını da saxlaya bilərlər. 

- “Qarabağ”la görüşdə etdiyin feyr-pley bütün dünyaya səs saldı deyə bilərik. Həmin epizodda nə baş verdi?
- İbrahim Şehiçlə mübarizədə yerə yıxıldım. Baş hakim orada qayda pozuntusu olmadığını görmədi. Penalti təyin olunduğunu gördüm, ancaq özüm də içimdə razılaşmadım bununla.

- Maraqlıdı, həmin an bunu etmək ürəyindən keçdi, yoxsa?
- Düzgünlük hər zaman yaxşı şeydi. Həmin an baş hakimə penalti olmadığını demək istədim. Çünki baş hakimə də kömək etmək lazımdı.

- Amma komandanız penaltidən yararlansaydı, qalib də gələ bilərdiniz…
- Bu barədə bir söz deyə bilmərəm. Əsas odu ki, həmin epizodda düzgünlük oldu.

- “Qarabağ”ın oyunçuları həmin an sənə deyəsən təzyiq də göstərdi...
- Xeyr, onlar mənə heç nə demədi. Sadəcə, özüm baş hakimə və öz karyerama kömək olmaq istədim. 

- Bu addımın dünyada ilin feyr-pley hərəkəti seçilə bilər. Buna inanırsan?
- Düzünü desəm, bu barədə xarici media orqanlarında heç nə görməmişəm. Əsas odu ki, həmin epizod digər oyunçular üçün də nümunə olacaq. Bir qolla və ya bir penalti ilə hər şey bitmir. Əsas insanlıq və düzgünlükdü.

- Komandanın baş məşqçisi Şahin Diniyevin postundan göndərilə biləcəyi deyilir. Bu barədə fikrin necədi?
- Bəli, Azərbaycan mətbuatında bu cür xəbərlər yazıldığından xəbərim var. Ancaq düzünü desəm, heç nə başa düşmürəm. Çünki Azərbaycan dilində bilmirəm, yəni nə yazıldığını anlamıram.

- “Kəpəz”in uğursuz çıxışına səbəb nədi?
- Mən bunun səbəbini deyə bilmərəm. Nəyə görə məğlub olduğumuz haqda nəsə deyə bilməyəcəm. Məncə, bunu ən yaxşı baş məşqçi bilir, səbəblərini də o, bilər. (Dsport.az)


Paylaş: