Füzuli Məmmədov: "Birinci qol bizi sındırmadı"

  • Bu gün, 19:14

Azərbaycan Premyer Liqasının XXX turunun “Karvan-Yevlax” – “Neftçi” oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

– Danışılası çox şey yoxdur. Matça ciddi hazırlaşmışdıq, düşünürdük ki, yaxşı oynayacağıq. Qola qədər komanda pis təsir bağışlamadı. Lakin xırda səhvdən rəqib fərqləndi və oyun pozuldu. İkinci qol epizodu isə bizə çox təsir etdi. Qarşıda üç oyunumuz qaldı. Nə şansımız varsa, sona qədər mübarizə aparacağıq. Çalışacağıq, komandamız bu durumdan qurtulsun.

– Qoldan sonra komanda çox zəif çıxış etdi. Bu, nə ilə bağlıdır?
– Birinci qol bizi sındırmadı. İlk hissənin sonları idi və düşünmürdük ki, belə rahat qol vurarlar. İkinci qoldan sonra eniş hiss olundu və bu da normaldır. Məğlub olmaq istəmirdik. Rəqibin fərqlənməsindən sonra futbolçularda ruh düşkünlüyü yarandı və bilirdik ki, geridönüş çox çətin olacaq.

– Təqvimlərə baxanda, şanslarınızı necə dəyərləndirirsiniz?
– Həm “Qəbələ”nin, həm bizim çətin oyunlarımız var. Xal fərqi 6-dır və qarşıda “Qəbələ”yə qarşı matç var. Hər görüşə ciddi hazırlaşacağıq.

– Digər ölkələrdə belədir ki, mövsümün sonunda liqada qalmaq uğrunda oynayan komandaların oyunları eyni gündə olur. Bizdə isə fərqlidir…
– Təqvimə uyğun planımızı quracağıq. Artıq nəsə edə bilmərik. Maksimum çalışacağıq ki, komanda növbəti oyuna hazır olsun.


Paylaş: