
"Bu zəfər oyunçulara stimul verəcək"
"Bu cür qələbələr futbolumuz üçün önəmlidir".
Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada “Benfika” üzərində qazanılan 3:2 hesablı tarixə qələbəyə görə xoşbəxt olduğunu bildirib: "Futbolçularımla qürur duyuram. Bu zəfər oyunçulara stimul verəcək".
Mütəxəssis matçla bağlı da danışıb: “İlk dəqiqələrdə bir az gərginlik var idi. Lakin bunu adlaya bildik. Fasilədə uşaqlara dedim ki, ruhdan düşmək lazım deyil. Rəqiblər hər zaman bizə fərqli yanaşırlar. Bundan sonra da ciddi yanaşacaqlar".
Baş məşqçi növbəti matçlar barədə indidən danışmağın tez olduğunu söyləyib: "Ötən mövsüm Avropa Liqasındakı oyunlarımıza baxsaq, daha çox xal qazana bilərdik. Mən hər zaman futbolçularıma deyirdim ki, istənilən nəticəni əldə etmək olar. Bunun üçün inamlı olmaq lazımdır. Çalışacağıq ki, qarşıdakı matçlarda da uğurlu nəticələr əldə edək".
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.