
Zehniyyətin bəlası
Millinin problemləri məşqçi pasportunda deyil, AFFA rəhbərliyinin zehniyyətində gizlənib. Biz illərlə “xaricdən möcüzə gələcək” xülyası ilə aldadıldıq. Halbuki, problem qapıdan içəri girməyən strategiyada, məsuliyyətsiz idarəetmədədir.
AFFA prezidenti Rövşən Nəcəf qurumun ən yüksək kürsüsündə otursa da, ölkə futbolunun real problemlərini həll etməkdə, müstəqil qərarlar verməkdə aciz görünür. Onun rəhbərliyi altında federasiya hələ də sistemsiz və situativ qərarlarla idarə olunur. Futbolun inkişafı üçün uzunmüddətli, ciddi proqram ortaya qoymaq əvəzinə, nəticə gətirməyən qısamüddətli layihələrə ümid bağlanır.
Vitse-prezident Sərxan Hacıyev illərdir AFFA-da çalışsa da, bu qurumdakı yanlış idarəetmə modelini dəyişmək əvəzinə, onun qorunmasına xidmət edib. Onun fəaliyyəti yenilik gətirmək, şəffaflığı təmin etmək yox, daha çox şəxsi maraqların və dar çərçivəli yanaşmaların müdafiəsinə yönəlib.
Baş katib Cahangir Fərəcullayev isə AFFA-nın gündəlik idarəçiliyində əsas söz sahibidir. Lakin onun adı və imzası ilə bağlı olan qərarların çoxu məsuliyyətsizlik, planlaşdırma zəifliyi və “formal fəaliyyət” təəssüratı yaradır. Futbolun inkişaf planı, regionlarda infrastrukturun qurulması və gənc istedadların yetişdirilməsi kimi fundamental məsələlərdə AFFA rəhbərliyinin sözü ilə əməli üst-üstə düşmür.
Qurtuluş yolu sadədir: başqasının köhnə libasını əynimizə keçirərək “yenilik” göstərməyə çalışmaq yox, öz ölçümüzə uyğun geyimlər hazırlamaq lazımdır. Bizim milliyə parıltılı adlar, təmtəraqlı şoular lazım deyil. Real iş, səmimi yanaşma və milli futbolun ruhunu anlayan rəhbərlik lazımdır. Yoxsa AFFA-nın hər “sərxoş” qərarı millinin gələcəyindən bir parça qoparmağa davam edəcək.
Əgər AFFA hələ də eyni qorxaq, mənfəətbaz yanaşmalarla yola davam edəcəksə, milli “Santuş dövrü”nün kabusuna yenidən qayıdacaq.
Mirələm HƏSƏNLİ