Kamran Eyyubova güzgü

  • Dünən, 18:37

Mətbuat “İmişli”ni qeyri-peşəkarlıqda təqsirləndirəndə klub bunu xoş qarşılamamışdı. Amma nə etməli? Reallıq budur! Tənqidlər tam obyektiv idi. 

Premyer Liqaya hazırlıqsız gələn klub tənqidə hazır olmalı, onu həzm etməlidir. “Təkcə biz niyə?” sualı məsələni başqa səmtə çəkmək, hədəfdən yayınmaqdır. Peşəkar klub rəhbəri ilk növbədə öz nöqsanlarını qəbul edib, düzəltməyə çalışmalıdır. Mətbuatı günahlandırmaq işin ən asan, amma ən ucuz yoludur.

Son zamanlar “İmişli”nin prezidenti Kamran Eyyubov haqqında çox danışılır. Bu danışıqlar təsadüfi deyil. Çünki prezidentin sözü çox, əməli isə azdır. Məsləhətdir ki, o, ümumi, məzmunsuz söhbətlərdən qaçsın və nəhayət işə başlasın. Klub hələ də tam formalaşmayıb, kadr seçimi bərbaddır, idarəçilikdə isə xaos hökm sürür. Futbol təsadüflərlə idarə olunmur – burada sistem, intizam və peşəkarlıq tələb olunur.

Ən acınacaqlısı isə texnologiyanın bu qədər inkişaf etdiyi bir zamanda, Peşəkar Futbol Liqasının tətbiq etdiyi protokol sistemində adı iştirak ərizəsində olmayan oyunçunun meydana buraxılmasıdır. Bu, adi səhv deyil, səriştəsizlikdir. 90 dəqiqə meydanda can qoyan futbolçuların qazandığı 3 xalı belə səhlənkarlıqla itirmək ayıb deyilmi? Azarkeşin etimadını itirmək, futbolçunun zəhmətini hədər etmək rəhbərliyin məsuliyyətsizliyinin göstəricisidir.

Əgər “İmişli”ni ayaqda saxlamaq istəyirsə, klub rəhbəri bir an öncə güzgüyə baxmalıdır. Günahı kənarda yox, özündə axtarmalıdır. Səhvləri qəbul edib düzəltmək, peşəkarlığı ön plana çəkmək lazımdır. Əks halda, bu klubun adı yalnız uğursuzluq, xaos və səhlənkarlıqla xatırlanacaq.

Mirələm HƏSƏNLİ 


Paylaş: