
AFFA üçün dönüş nöqtəsi: yeni üfüqlər və risklər
Ukrayna ilə oyunda 1:1 hesabı çox şeyi izah etdi. Burada möcüzə yox idi, sadəcə, böhranın içində belə düzgün idarəetmənin nəyə qadir olduğunu gördük. Bəlli oldu ki, Azərbaycan futbolunun məhdud resurslarını ən yaxşı tanıyan, onları motivasiya edə bilən elə yerli mütəxəssislərdir. Abbasovun müvəqqəti də olsa verdiyi impuls sübut etdi ki, milli komandamız ən azı meydanda dirəniş göstərə bilir.
Ən acı reallıq budur ki, biz illərlə “adlı-sanlı” əcnəbilərə ümid bağladıq, amma onların heç biri Azərbaycan futbolunun ruhunu anlamadı. Onlar üçün bura yalnız cəlbedici müqavilələrin imzalanacağı iş yeri idi.
Bu gün AFFA qarşısında çox ciddi seçim dayanır. Əgər struktur daxilində illərlə dəyişməyən, ancaq prosesə kölgə salan "daşlaşmır kadrlar" təmizlənməsə, Santuşun gedişi heç bir real nəticə verməyəcək. Sadəcə, bu dəfə başqa bir “Santuş” gətiriləcək və eyni səhvlər yenidən təkrarlanacaq.
Əslində, indi baş verənlər müstəqil medianın illərlə səsləndirdiyi təhlillərin təsdiqi oldu. Təəssüf ki, indiyə qədər bu analitik xəbərdarlıqlar qulaqardına vurulurdu. Amma ölkə futbolunu xilas etmək istəyiriksə, AFFA-nın məhz bu tənqidi baxışlara önəm verməsi vacibdir. Çünki yalnız kənardan gələn obyektiv tənqidlər sistemi silkələyə və islahata təkan verə bilər.
Əgər yeni AFFA rəhbərliyi həqiqətən futbol tarixində iz qoymaq istəyirsə, onda peşəkar yerli mütəxəssislərə güvənməli, idarəçilikdə şəffaflıq və qətiyyət nümayiş etdirməlidir. Əks halda, Azərbaycan futbolu eyni dairədə fırlanmaqdan qurtulmayacaq.
Mirələm HƏSƏNLİ