AFFA-da parçalanma: gizlinlər və məsuliyyət böhranı

  • Dünən, 15:18

Azərbaycan futbolunda növbəti naümid səhifə bağlandı. Portuqaliyalı Fernando Santuşun milli komandadan göndərilməsi əslində gözlənilməz deyildi. Gözlənilməz olan onunla imzalanmış uzunmüddətli müqavilənin hansı məntiqlə və necə bağlandığı, təzminatın kim tərəfindən ödəniləcəyidir.

AFFA-da rəhbərlik dəyişdikdən sonra ümidlər artmışdı: yeni baş məşqçi, peşəkar sistem, inkişaf planları... Lakin ilk ciddi sınaq - milliyə baş məşqçi təyinatı ilə bu ümidləri puç etdi. Santuşun gətirilməsi başlanğıcdan səhv addım idi. İndi isə onun gedişinin səbəbləri barədə suallar çox, cavab isə yoxdur. Müqavilə və təzminat məsələsi hələ də qaranlıqdır...

AFFA – vahid qurum, yoxsa klanlar savaşı? 

Santuş hadisəsi göstərdi ki, AFFA vahid təşkilat deyil, maraqları toqquşan qrupların savaş meydanıdır. Onu gətirən qüvvə ayrı, yola salan qüvvə isə tam başqaları oldu. Bir tərəfdə Rövşən Nəcəf vasitəsilə verilmiş qərarlar, digər tərəfdə Cahangir Fərəcullayevin sərt mövqeyi və istefaya nail olan “əks cəbhə”. Bu parçalanma AFFA-nı vahid qurum yox, xaos içində qalan bir struktur kimi göstərir.

Məsuliyyət kimdədir?

Əgər Santuş AFFA-nın bütöv bir qərarı ilə gətirilməmişdisə, onda məsuliyyət də bütün assosiasiyanın üzərinə deyil, gizli sövdələşməni edən şəxslərin üzərinə düşür. AFFA isə hər dəfə uğursuz nəticədən sonra milyonlarla avronu boşuna xərcləməklə gündəmə gəlir.

Yeni mərhələnin dərsləri

Cahangir Fərəcullayevin qətiyyəti və Santuşla yolların ayrılması bu mərhələdə “qələbə” sayıla bilər. Amma əsl sınaq indi başlayır. Çünki təkcə bir məşqçinin göndərilməsi problemi həll etmir. Əgər AFFA köhnə təsir dairələrini, illərlə möhkəmlənmiş “şəbəkə”ni dağıtmasa, futbolumuzda heç bir islahat nəticə verməyəcək.

Çıxış yolu – radikal addımlar

Azərbaycan futbolunun inkişafı üçün AFFA-nın vahid sistem kimi formalaşması, şəffaf qərarların qəbul edilməsi və futbol mütəxəssislərinin proseslərə cəlb olunması vacibdir. Əks halda, bütün strategiyalar və proqramlar sadəcə kağız üzərində qalacaq. Futbolumuz yenə də daxili çəkişmələrin girovuna çevriləcək.

Santuşun göndərilməsi bir daha göstərdi ki, AFFA-da sistem böhranı davam edir. Əgər bu xaosdan dərs çıxarılmasa, gələcəkdə də santuşların gediş-gəlişinə şahidlik edəcəyik.

Mirələm HƏSƏNLİ 


Paylaş: