Qurban Qurbanov: "Futbolçular özlərini ələ ala bilmədi"
Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyunundan (1:6) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Əfsuslar olsun, belə məğlubiyyət oldu. İstəməzdik. Böyük futboldur, istənilən oyunda belə nəticələr ola bilər. Çempionlar Liqası başqa səviyyədir. Bəzən belə məğlubiyyətlər qaçılmaz olur. İlk dəqiqələrdən futbolçular böyük zərbə aldı. İlk qol, 2-ci qol, penalti… Boks dilində desək, nokauta düşdük. Futbolçular özlərini ələ ala bilmədi. Rəqibin gücü də burda önəmlidir. “Nyukasl” sürətli futbol oynayan komandalardandır. Fiziki, texniki, taktiki hazırlıqları yüksək səviyyədədir. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Böyük hesabla məğlub olmağımıza baxmayaraq, sona kimi dəstək oldular. Bu, birliyimizi göstərir. Amma bu gün burda, bundan əvvəl Liverpulda böyük futbolun nə olduğunu gördük. Ruhdan düşmürük. İrəli pozitiv baxmalıyıq. Hər bir halda, futbolçular böyük yol gəldi, əziyyət çəkdilər. Azından fevrala kimi Çempionlar Liqasını hiss etdik. İnanıram ki, futbol Azərbaycanda bu il daha da populyarlaşdı. Dünya futbolumuzu daha yaxından tanıdı. İstəməzdik belə uduzaq, lakin bu məğlubiyyətlə barışmalıyıq.
– Belə hesabdan sonra futbolçulara nə dediniz?
– Futbolçuları sakitləşdirdik, dedik soyuqqanlı olsunlar. Oyundan qopmalı deyildik. Belə məğlubiyyətlərdən sonra futbolçuları sakit olmağa çağırıram. Rəqibin gücünü bilirdik. Çalışırıq ki, onlara qarşı sona qədər mübarizə aparaq. Bəzən bu cür rəqiblər daha aqressiv, aktiv olurlar. Futbolçuların qərar verməsində gecikmələr olurdu.
– Bədavi Hüseynovun 2-ci hissədə meydana daxil olması nəylə bağlıdır?
– Müdafiəni gücləndirmək üçün. O da özünü yaxşı göstərdi.
– Çempionatda “Sabah”la oyun var. Bu baxımdan, cavab matçında rotasiyalar olacaq?
– Xeyr, hələ İngiltərədə cavab oyunu var. Onlar səhvləri bağışlamır, çox qol vurmaq istəyirlər. Ciddi rotasiyalar haqda düşünmürük.
– Bəhlul Mustafazadənin zədəsi nə yerdədir?
– Sabah dəqiq məlumat olacaq. Əzələsini dartıb.
– İstənilən komandanın bir dönəm başının üzərini qara buludlar alır. İndi isə sanki sizdə bu dönəmdir. Futbolçuların bu gün bu durumda olması pley-off eyforiyası idi, ya fiziki yorğunluq?
– Fikirlərim özümüzü siğortalamaq üçün deyil. Qəbul etməliyik ki, oyundan-oyuna səviyyə daha qalxır, rəqiblər ciddiləşir. Daha məsuliyyətli komandalar olur. Böyük klublarla oyunlarda belə hesabları gözə almalıyıq. Futbolumuzun inkişafı üçün risklərə getməliyik. Özümüzü böyük məğlubiyyətlərə qurban verməyə hazır olmalıyıq. Bunu istəmiriksə, gərək 2-3 tur sonra məğlub olaq, deyək, böyük klublarla oynamırıq. Əvvəl bəlkə, 0:3-dən sonra azarkeşlərimiz stadionu tərk edirdi, amma bu gün fasiləyədək 0:5 geridə olsaq da, bizi dəstəkləməyə başladılar. Onlar da artıq səviyyəni qəbul edib. Hamımız üçün böyük təcrübə oldu.
– “Liverpul”la oyundan sonra demişdiniz ki, bir də bu rəqibə qarşı oynasaq, fərqli olar. Amma bu gün də “Nyukasl”la matçda güclü pressinq qarşısında nəsə edə bilmədiniz…
– Belə oyunlarda birdən-birə gedişatda nəsə dəyişiklik etməyə vaxtımız yox idi. Bu günə qədər etməmişdiksə, çətin olardı. Gərək 2-3 məşq bunun üzərində çalışaq. Vaxtımız yox idi. Həmişə çalışırıq ki, edə bildiklərimizi daha da yaxşılaşdıraq. Bu gün rəqibin hər hücumu keyfiyyətli idi. 2-ci hissədə fərqli oynadıq, amma qarşımızdakı komandaya görə oyunçularımızda həyəcan var idi.