
Azərbaycan gələn il nüfuzlu tədbirə ev sahibliyi edəcək
2026-cı il martın 18-19-da Azərbaycan Ümumdünya Antidopinq Agentliyinin (WADA) Avropa üzrə Regional Simpoziumuna ev sahibliyi edəcək.
Sportlife.az xəbər verir ki, Bakıda təşkil olunacaq tədbir WADA-nın illik ənənəvi simpoziumunu əvəzləyəcək və dörd qitədə keçiriləcək regional tədbirlərin bir hissəsi olacaq.
Bakı simpoziumu Avropa regionunun antidopinq qurumlarını, hökumət nümayəndələrini, beynəlxalq idman təşkilatlarını, idmançıları və onların təmsilçilərini bir araya gətirəcək. Tədbirin əsas məqsədi 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartların tətbiqi ilə bağlı regional çağırışları müzakirə etməkdir.
Tədbirdə Ümumdünya Antidopinq Məcəlləsi və Standartlara edilən dəyişikliklər barədə yeniliklər, milli antidopinq təşkilatlarının üzərinə düşən öhdəliklər və maraqlı tərəflərin birgə əməkdaşlığı diqqət mərkəzində olacaq. Həmçinin real təcrübələr əsasında təqdimatlar, interaktiv sessiyalar, idmançılar və hökumət nümayəndələrinin iştirakı ilə fikir mübadiləsi aparılacaq. Bununla yanaşı, maarifləndirmə, potensialın gücləndirilməsi və tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində də müzakirələr nəzərdə tutulur.
Simpozium region ölkələri üçün bilik və təcrübə paylaşımı baxımından mühüm platforma olacaq. Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqinə dəstək proqramı çərçivəsində keçiriləcək tədbir Avropa regionunda antidopinq fəaliyyətinin gələcək inkişafına əhəmiyyətli töhfə verəcək.
Tədbirin proqramı və qeydiyyatla bağlı ətraflı məlumat yaxın aylarda ictimaiyyətə açıqlanacaq.