
Nazir: "Reqataya maraq ildən-ilə artır"
"Yenidən Suqovuşan torpaqlarında olmaq çox xoşdur".
Sportlife.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2025” beynəlxalq reqatasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, bu idman növü üzrə yerli və beynəlxalq yarışlar işğaldan azad edilmiş ərazilərdə növbəti illərdə də keçiriləcək: "İştirakçı sayından da bilinir ki, reqataya maraq ildən-ilə artır. Suqovuşanda ilk dəfə keçirilən reqatada bu say 4 idisə, indi 20-dən çoxdur”.
Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasında 20-dən çox ölkədən 200-dən artıq idmançı iştirak edir. Bu gün Suqovuşanda start götürəcək yarış mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.