"Messi kimi futbolçu görməyəcəyik" - Xavi
"Barselona"nın keçmiş yarımmüdafiəçisi və baş məşqçisi Xavi əvvəllər Kataloniya klubunda birlikdə oynadığı hücumçu Lionel Messinin unikallığından danışıb.
Sportlife.az xəbər verir ki, Xavi Romarionun “YouTube” kanalına verdiyi müsahibədə argentinalı ilə birlikdə oynamağın asan olduğunu bildirib:
"Bəlkə də yanılıram, amma məncə, bir daha Messi kimi futbolçu görməyəcəyik. Mən Leo ilə 15 il birlikdə oynamışam və o, hər şeydə - texniki və fiziki cəhətdən ən yaxşısı idi. Hətta başla və zəif ayağı ilə də yaxşı görünürdü. Psixoloji cəhətdən də hər zaman oyuna hazır olardı. Leo məğlubedilməz oyunçudur, əsl fenomendir. Messi ilə oynamaq çox asan idi, ona ötürmə verirdin və hər şeyi mükəmməl şəkildə edərdi. Onunla birlikdə olmaq səni daha yaxşı oyunçu edir".
Xavi "Barselona"nın yetirməsidir və 1998-2015-ci illərdə Kataloniya təmsilçisinin üzvü olub. O, futbolçu karyerasına "Əl-Sədd"də yekunlaşdırıb. Məşqçi kimi isə Xavi, 2019-2021-ci illərdə "Əl-Sədd", 2021-2024-cü illərdə isə "Barselona"nı çalışdırıb.