
"Mənə görə bu medal elə qızıl kimidir"
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanan Zelim Tçkayev (81 kq) Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
Sportlife.az xəbər verir ki, yığma üzvü keçirdiyi görüşləri dəyərləndirib.
- Sizi dünya çempionatında qazandığınız ilk medal münasibətilə təbrik edirik. Hissləriniz, təəssüratlarınız necədir?
- Təəssüratlarım əladır, çox sevincliyəm, çox xoşbəxtəm. Bu medal mənim üçün çox dəyərlidir. Mənə görə bu medal elə qızıl kimidir. Çünki bu, dünya çempionatında qazandığım ilk mükafatdır. Məşqçilərlə birgə plan hazırladıq və o plan uğurla işə yaradı. Hesab edirəm ki, yaxşı iş gördük. Bəli, görüş çətin keçdi, amma yenə də qalib gəldim.
- Yarımfinalda nə alınmadı? Qalib gəlmək imkanınız vardı?
- Bəli, var idi. Amma belə alındı. Elə oldu ki, rəqibim məni üstələdi.
- Son Avropa və dünya çempionatında bürünc medal... Növbəti dəfə yəqin ki, medalın əyarını artırmağa çalışacaqsınız...
- Bəli. Növbəti il dünya çempionatı Bakıda keçiriləcək və mən qızıl medal qazanmaq üçün bütün imkanları dəyərləndirəcəyəm.
- Eşitdik ki, federasiya rəhbərliyi də artıq sizi təbrik edib. Nə dedilər, necə təbrik etdilər?
- Məni hər zamankı kimi təbrik etdilər, dəstək oldular.
- Bu qələbəni kimə həsr edirsiniz?
- Ailəmə, əlbəttə ki, Azərbaycana – çünki o mənə hər şeyi verib. Federasiyaya, bütün tibbi heyətə, məşqçilərə, bu yolda yanımda olan hər kəsə bu qələbəni həsr edirəm.
- İndi sizinlə o qədər şəkil çəkdirdilər ki... Yəqin, həyatınızda ilk dəfədir ki, bir axşamda bu qədər şəkil çəkdirirsiniz. Yoxsa, çox olub?
- Düzünü desəm, Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində qalib gəldikdə daha çox olmuşdu. Çoxlu uşaqlar, böyüklər vardı. Növbəti hədəfim evə qayıtmaq, həyat yoldaşım və övladımla birlikdə istirahət etməkdir. Hazırkı məqsədim budur.