
AFFA-nın görünməz hakimi: Frank de Bleker hardadır?
Azərbaycan futbolunda qəribəliklərə alışmışıq, amma AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker tam yeni səviyyədir – görünməzlik anlayışının canlı nümunəsi. Sözün həqiqi mənasında adam gözə görünmür. Mübahisəli epizodları şərh edir, amma özü ortada yoxdur. Mistik bir fiqur, kölgədə qalan bir qərarverici, görünməz idarəetmənin memarı...
Futbol ictimaiyyətinin beynində haqlı suallar dolaşır:
Frank de Bleker haradadır?
Şərhləri özü verirmi, yoxsa naməlum bir çevrənin diktəsi ilə danışır?
Bəlkə bu yazılı açıqlamaları evindən, rahat kreslosunda oturub, qapalı məkanlardan verir?
Niyə televiziyada bir dəfə də olsun mübahisəli epizodları açıq şəkildə izah etməyib?
Bu, sadəcə fərdi bir məsələ deyil. Bu, AFFA rəhbərliyinin yaratdığı qeyri-şəffaf idarəetmə modelinin əlamətidir. Hesabatlılıq sıfır, ictimaiyyətə açıq dialoq isə yalnız sözdə mövcuddur.
Frank de Bleker Azərbaycan futbolunda yeni bir fenomenin – “Virtual Hakimlik” sisteminin yaradıcısıdır. O, fiziki olaraq yoxdur, amma qərarları var. O, meydanda görünmür, amma kölgədə sanki görünməz ipləri çəkir. Onu AFFA daxilində neçə nəfər görüb? Bu da ayrıca bir sualdır.
Bu sualların AFFA rəhbərliyindən və icraiyyə komitəsindən heç kimin ağlına gəlməməsi daha böyük bir problemin göstəricisidir. Çünki bizim futbol idarəçiliyində çoxdan sual vermək mədəniyyəti sıradan çıxıb. Kritik məsələlər müzakirə olunmur. Çünki qapalı sistemlərdə sorğu-sual edənlər deyil, əmrləri icra edənlər üstünlük təşkil edir.
Və belə görünür ki, Frank de Bleker də bu sistemin ideoloji məhsuludur – görünmədən idarə edən, məsuliyyəti üzərinə götürmədən qərar verən və nəticədə nə qədər tənqid olunsa da, kölgədə qalan bir fiqur.
Bəlkə də məsələ sadədir: AFFA rəhbərliyi sadəcə özünü ictimaiyyət qarşısında cavab verməyə borclu hiss etmədiyi üçün Frank de Bleker kimi kölgə fiqurlar ona sərfəlidir.
Hər şeyi zaman göstərəcək. Amma indiki reallıq budur: Azərbaycan futbolunda artıq təkcə hakimlər yox, rəhbərlər də görünməz qərarlar verir...
Mirələm Həsənli