"Araz Naxçıvan"ın ruhsuz qələbələri

  • 23 Noyabr 2024, 13:05

Bir klub yalnız meydandakı nəticələri ilə deyil, azarkeşlərin sevgisi ilə həqiqi dəyər qazanır.

“Araz Naxçıvan”ın 13 oyunluq məğlubiyyətsiz seriyası statistik olaraq maraqlı görünsə də, bu qələbələr ruhsuzdur. Klub 4 oyundur quru hesablarla qalib gəlsə də, bu, yalnız rəqəmlərdən ibarət bir hekayədir. Boş tribunalar və səssiz stadionlar bu uğurlara heç bir məna qazandırmır. Yerli azarkeş dəstəyindən məhrum olan bu klub nə Naxçıvanın, nə də Azərbaycan futbolunun ruhunu yaşadır.

Klub rəhbərliyi qələbələrin və qazanılan xalların sayına görə sevinə bilər, lakin futbola olan həvəs və sevgi heç vaxt rəqəmsal göstəricilərlə ölçülmür. İdarəçilərin statistik göstəricilərə fokuslanaraq kluba dair fundamental dəyərləri gözardı etməsi ciddi suallar yaradır: Bu qələbələr kim üçün və nə məqsədlə qazanılır?

Meydanda tər tökən futbolçular kimin şərəfini qoruyur? Klubun adını daşıdığı bölgəninmi, yoxsa sadəcə sponsorların?

Ortada "Araz Naxçıvan" adlı, amma kim üçün oynadığı bilinməyən bir klub var. Bu klub niyə var? Niyə Naxçıvan adını daşıyır? Bu qərarın arxasında hansı məntiq dayanır?

Oyunlar ötən mövsümdən Bakıda keçirilir. Naxçıvana qayıtmaq haqda danışılır, amma rəhbərlik qətiyyət göstərmir. Klubun qeyri-rəsmi rəhbəri Zaur Axundovdan soruşaq: Bakıda oynayan klubun adını niyə Naxçıvan qoymusunuz?

Yoxsa bu, yeni ixtiradır? Ad bir şəhərin, oyunlar başqa şəhərdə... Təəssüf ki, bu "məntiqsiz məntiq"dən ən çox əziyyət çəkən Naxçıvan adıdır.

Azarkeşsiz, tribunaların səsindən məhrum bir klubun adını tarixə necə yazmaq olar?

 Naxçıvanın adı bu klubla birlikdə yaşamalıdır, amma yalnız formal olaraq yox, ruhən də. Əks halda, "Araz Naxçıvan"ın qələbələri suyun üzərində yazılmış hərflərdən fərqli olmayacaq – nə iz buraxacaq, nə də xatırlanacaq...

Mirələm Həsənli 


Paylaş: