Bu simalara güvənmək olarmı?
Fotoda gördüyünüz bu şəxslər 2028-ci ilə qədər Azərbaycan futbolunu inkişaf etdirmək üçün yola çıxıblar. Qurban Qurbanov və Fərid Mansurovu tanıyırsınız. Ancaq Fərid Mansurovun futbolla hansı bağlılığının olduğunu soruşsanız, cavab verə bilməyəcəm. Güləş döşəyi ilə futbol meydançası arasında o qədər də oxşarlıq yoxdur.
Gəlin fotodakı digər personajlara nəzər salaq. Burada futbolu yaxından tanıyıb uğur qazana bilməyənlər də var, futbola tamamilə yad, amma gözlənilməz şəkildə bu sahəyə daxil olan simalar da.
Əsas sual isə budur: Azərbaycan futbolunun gələcəyi bu simaların əlində necə formalaşacaq? Onların strategiyasında işə peşəkar yanaşma var, yoxsa ənənəvi “iş görmək naminə görülən işlər” modelinə sadiq qalacaqlar? Bu “dirçəliş” planı kağız üzərində əla görünə bilər, amma meydanda nəticə göstərə biləcəkmi?
Məncə bir gün bu fotoda gördüyümüz simalar meydanda yox, tam fərqli sahələrdə daha uğurlu ola bilərlər. Futbolu dirçəltmək üçün qeyri-futbol adamlarına ehtiyac olduğunu düşünmürəm.
Futbolun dilindən bir az uzaq olan, lakin idarəçilikdə qəribə məntiqlə iş başına gətirilən insanlarla Azərbaycan futbolunun uğurlu gələcəyinə inanıb-inanmamağı sizə buraxırıq.
Cavabı özünüz verin. Biz sadəcə müşahidə edirik.
Mirələm Həsənli