"Neftçi"ni fəlakətli enişdən kim qurtaracaq?

  • 8 Dekabr 2024, 22:10

"Neftçi" bu dəfə də “Sumqayıt”ın toruna düşdü. Paytaxt klubu bu mövsüm artıq 7-ci dəfədir ki, məğlub olur. Bir vaxtlar ölkə futbolunun “flaqman”ı olan "ağ-qaralar" indi turnir cədvəlinin 8-ci pilləsinə ilişib qalıb. Bu necə mümkün oldu? Yoxsa bu da “taktiki manevr”di? Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq yeni “hədəf strategiyası”dı?

Klubun Müşahidə Şurasının sədri Hafiz Zeynalov bu vəziyyətə nə cavab verə bilər? Bu şəxsə “Neftçi”nin vəziyyəti maraqlı deyil? Yoxsa dədə-baba klubunun göz görə-görə bataqlığa düşməsinə razılıq verəcək? Bu, sadəcə səssiz razılıqdır, yoxsa tam laqeydlik? Belə getsə, "Neftçi"nin Premyer Liqada qalması üçün duaların ediləcəyi günlər də gəlib çıxacaq...

"Neftçi"yə dərman lazımdı, amma bu dərman nə stadionda satılır, nə də apteklərdə. Müalicə yalnız planlı iş, peşəkar idarəetmə və klubun tarixinə hörmətlə mümkündür. Dərman tapılmasa, vaxt gələcək, adını “bir vaxtlar çempion olmuş klub” olaraq xatırlayacaqlar.

Tarix gözləmir, "Neftçi" rəhbərliyi! Təkcə azarkeşlərin dəstəyi ilə irəliləmək olmaz. İndi ciddi müdaxilə edilməzsə, bu mövsüm tarixdə “fəlakətli eniş mövsümü” kimi yadda qalacaq.

Mirələm Həsənli 


Paylaş: