Rövşən bəy, belə olmayacaq...

  • 12 İyun 2024, 15:02

Rövşən Nəcəf fikirləri və yanaşmaları ilə müasir idarəçi təəssüratı yaratmışdı. Futbolda yeni olsa da…

Prezident seçildikdən sonra AFFA-da qəbul olunan ehtiyatlı, statik qərarları plan və proqramsızlıqla əlaqələndirməyə tələsmək istəmirdim. Bu günə qədər…

Bu gün AFFA rəsmən 69 yaşlı Fernandu Santuşun Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul etdi.  Portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və AVRO 2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulduğu açıqlandı. Bu o deməkdir ki, Santuş 73 yaşına qədər millimizə rəhbərlik edəcək. Əsas sual isə budur – Azərbaycan futbolu bu təyinatdan nə qazanacaq?

Təyinat belə əsaslandırılıb – “Dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınıb”. Sual – Portuqaliya və Azərbaycan milli komandalarının heyətindəki futbolçuların səviyyə fərqi də nəzərə alınıb? Bu barədə düşünən olub?

AFFA İcraiyyə Komitəsi Santuşun namizədliyini irəli sürübsə, Rövşən Nəcəf müasir idarəçi kimi onlara sual verməyib ki, bu adam 69 yaşında gəlib bizə nə kimi xeyir verə biləcək?  Belə primitiv və dayaz yanaşma nəyin əlamətidir?  Rövşən bəy, 2 ay ərzində düşünüb bu qənaətəmi gəldiniz?  

Biz düşünmək istəyirdik ki, yeni AFFA rəhbərliyi yüz ölçüb, bir biçəçək. İndidən deyə bilərik ki, ölçü düzgün götürülmədi. Bu məşqçi bizim millinin əyninə deyil. 69 yaşlı Santuş təyinatı baş-ayaq oldu…

Mirələm Həsənli


Paylaş: